ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Azərbaycanda uzun illərdir müzakirə mövzusu olan sənədsiz evlərin leqallaşdırılması prosesi yeni mərhələyə qədəm qoya bilər. 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi plansız tikililər, riskli zonalarda yerləşən və çıxarışı olmayan yaşayış sahələrinin taleyini yenidən gündəmə gətirib.
Qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, bu il 500 mindən çox evin sənədləşdirilməsi mümkündür. Bu addım bir tərəfdən vətəndaşların mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırsa, digər tərəfdən dövlət büdcəsinə əlavə vergi daxilolmaları vəd edir. Xüsusilə kənd və qəsəbələrdə illərdir mülk sənədi (kupça) problemi ilə üzləşən minlərlə ailə bu prosesin real mexanizmlərini maraqla gözləyir.
Sənədsiz evlərin leqallaşdırılması zamanı “kupça” almaq vətəndaşa təxminən neçə manata başa gələcək? Xüsusilə kənd yerlərində çıxarışı olmayan ev sahibləri bu prosesi maneəsiz və rahat şəkildə həyata keçirə biləcəklərmi?
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı qeyd edib ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesində bir neçə mərhələ mövcuddur.
O bildirib ki, bu mərhələlərdən biri torpaq sahəsinin yenidən alınması ilə bağlıdır:
“Yəni mövcud zəbt olunmuş torpaq sahəsinin ərazi üzrə bələdiyyədən yenidən alınması zərurəti yarandıqda – bu hal praktikada tez-tez rast gəlinir – müəyyən maliyyə öhdəlikləri ortaya çıxır. Bu zaman bələdiyyə torpağı üçün nəzərdə tutulan rüsumlar, eləcə də ilkin qeydiyyat üçün tələb olunan rüsum və xidmət haqları ödənilməlidir. Məsələn, torpaq sahəsinin ölçüsü 600 kvadratmetr olduqda, hər sot üçün müəyyən edilmiş bələdiyyə rüsumu tətbiq olunur.
Ramil Osmanlı
Bununla yanaşı, sənədləşdirmə üzrə xidmət haqları da əlavə edilir və ümumi məbləğ bəzi hallarda 3500-4000 manata qədər arta bilər. Əgər torpağın yenidən alınması zərurəti yoxdursa və söhbət yalnız özbaşına tikilinin ilkin qeydiyyatının aparılmasından gedirsə, bu halda rüsum və xidmət haqları daha aşağı olur. Belə ki, texniki pasportun hazırlanması və çıxarışın alınması üçün ödənilən məbləğlər torpaq sahəsinin və tikilinin ölçüsündən asılı olaraq dəyişir”.
Ramil Osmanlı deyib ki, orta hesabla çıxarış üçün rüsum və xidmət haqları təxminən 200 manata qədər, texniki pasport üçün isə 200-300 manat arasında dəyişə bilir:
“Ümumilikdə bu xərclər, ölçülərdən asılı olaraq, təqribən 500-1000 manat aralığında olur. Tikilinin ölçüsü böyük olduqda, məsələn, villa tipli və ya həddindən artıq iri sahəni əhatə edən tikililərdə rüsumların artması ehtimalı da mövcuddur. Bu prosesdə elektronlaşma xüsusi əhəmiyyət kəsb edir. Portal üzərindən müraciətlərin qəbul edilməsi və onlayn sənəd dövriyyəsinin tətbiqi vətəndaşlara sənədləşdirmə prosesini məsafədən həyata keçirməyə imkan yaradır. Nəticədə, fiziki olaraq rayon, şəhər və ya qəsəbə mərkəzlərinə dəfələrlə müraciət etməyə ehtiyac qalmır”.
Zaira Akifqızı
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.