AZ

İrandakı etirazlarla bağlı İKİ HƏLLEDİCİ TARİX: Ya Xameneyi gedəcək, ya da…

İranda kütləvi etirazlar artıq on ikinci gündür ki, davam edir. Son illərdə küçə aksiyalarının vaxtaşırı baş verdiyi ölkə üçün narazılıq dalğası yeni olmasa da, bu dəfə proseslər şüarların radikallığı, gərginliyin səviyyəsi və xarici siyasi fon baxımından əvvəlkilərdən ciddi şəkildə fərqlənir. Hadisələr ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı sərt ritorikası fonunda cərəyan edir. Tramp etirazların ilk 4–5 günündə açıq şəkildə bəyan edib ki, əgər İran hakimiyyəti nümayişçilərə qarşı kütləvi qətllərə başlasa, ABŞ müdaxilə edə bilər.

“Biz tam döyüş hazırlığındayıq”, – deyə Tramp Truth Social platformasında yazıb.

KONKRET.az xəbər verir ki, bu açıqlama Latın Amerikasında baş verən son hadisələr fonunda, ABŞ-ın Venesuela lideri Nikolas Maduronu ələ keçirməsindən dərhal sonra daha ciddi rezonans doğurub.

Elə ertəsi gün Tramp yenidən İran mövzusuna qayıdaraq Tehrana xəbərdarlığını təkrarlayıb. Bu kontekst ölkə daxilində narahatlığı artırmaqla yanaşı, etirazlara beynəlxalq ölçü də qazandırıb.

Etirazların gedişatı, onların ən aktiv olduğu bölgələr, mümkün xarici təsirlər və proseslərin İran İslam Respublikası üçün dönüş nöqtəsinə çevrilib-çevrilməyəcəyi ilə bağlı İranşünas, politoloq Mixail Borodkin açıqlama verib.

Ekspertin sözlərinə görə, etirazların ilkin mərhələsində əsas motiv sosial-iqtisadi amillər olub. Səbəb milli valyutanın kəskin dəyər itirməsi idi: İran rialının məzənnəsi 1 dollar üçün təxminən 1,4 milyon rial həddinə çatıb ki, bu da əhali üçün ciddi şok yaradıb.

Михаил

Lakin Borodkin qeyd edir ki, cəmi bir neçə gün ərzində etirazların mahiyyəti köklü şəkildə dəyişib. İqtisadi narazılıq sürətlə açıq siyasi və radikal xarakter alıb. Küçələrdə “Diktatora ölüm” (ali dini lider Əli Xameneiyə işarə) və “Şah yaşasın” kimi şüarlar səslənməyə başlayıb.

Ekspertin qiymətləndirməsinə görə, etirazların intensivliyi dalğavari inkişaf edir: nisbi sakitlik dövrlərini yeni aktivlik mərhələləri əvəzləyir. Hakimiyyət də oxşar taktika tətbiq edir. Sərt tədbirləri dərhal deyil, mərhələli şəkildə gücləndirir. Məsələn, internetin kəsilməsi yalnız son günlərdə baş verib ki, bu da rejimin son ana qədər maksimal eskalasiyadan yayınmağa çalışdığını göstərir. Bununla belə, Borodkin vurğulayır ki, hakimiyyət etirazları yatırmaq üçün bütün mövcud resurslardan istifadə etməyə hazırdır.

Etirazların coğrafiyası da xüsusi əhəmiyyət daşıyır. Politoloqun sözlərinə görə, ən gərgin aksiyalar paytaxtda deyil, əyalətlərdə və kiçik yaşayış məntəqələrində müşahidə olunur. Bunun əsas səbəbi regionlarda sosial-iqtisadi vəziyyətin böyük şəhərlərlə müqayisədə xeyli ağır olmasıdır. İnsanlar məhz “çıxılmaz vəziyyətdən” küçələrə axışır. Bununla yanaşı, Tehran və digər iri şəhərlərin də tədricən etirazlara qoşulduğu bildirilir. Yaşayış səviyyəsində fərqlər olsa da, etirazçıların şüar və tələbləri faktiki eynidir. Əsas tələb hər yerdə dəyişməz qalır: “Rejimə son”.

Xarici qüvvələrin mümkün rolu ilə bağlı məsələyə toxunan Borodkin ehtiyatlı mövqe nümayiş etdirir. Onun sözlərinə görə, Donald Trampın dinc nümayişçiləri müdafiə etməyə hazır olduqlarına dair bəyanatlarından başqa, hazırda etirazçılar tərəfində ciddi xarici müdaxiləni göstərən real sübutlar yoxdur.

Eyni zamanda, İran hakimiyyətinin etirazları yatırmaq üçün İraqdan yüzlərlə şiə döyüşçüsünü ölkəyə gətirməsi ilə bağlı şayiələr də dolaşır. Lakin bu məlumatlar hələlik təsdiqini tapmayıb. Etirazçıların özlərinin bildirdiyi yeganə məqam bəzi təhlükəsizlik qüvvələrinin öz aralarında ərəb dilində danışması ilə bağlı iddialardır. Bununla bağlı da rəsmi və ya sənədli sübutlar mövcud deyil.

Ekspert vurğulayır ki, İran əvvəllər də dəfələrlə kütləvi etirazlar yaşayıb, lakin indiki dalğa açıq və radikal anti-hökumət xarakteri ilə seçilir.

Xüsusi diqqət İranın sonuncu şahının oğlu, şahzadə Rza Pəhləvinin fiquruna yönəlib. Borodkinin sözlərinə görə, ilk dəfədir ki, Pəhləvi etirazların simvoluna çevrilib və onun adı demək olar ki, hər aksiyada səslənir. Bununla belə, hazırkı mərhələdə o, real siyasi mərkəzdən çox, simvolik fiqur kimi çıxış edir.

Ekspert üçün əsas məqamlardan biri isə 8–9 yanvar tarixləridir. Məhz bu günlərdə Rza Pəhləvi iranlıları kütləvi şəkildə küçələrə çıxmağa və dəyişiklik tələb etməyə çağırıb. Borodkinin fikrincə, bu tarixlər onun real populyarlığını və simvoldan siyasi faktora çevrilə bilib-bilməyəcəyini göstərəcək. Eyni zamanda o qeyd edir ki, etirazçılar hələlik vahid və təşkilatlanmış güc deyil, bu da onların potensialını ciddi şəkildə məhdudlaşdırır.

Mümkün nəticələrə gəlincə, ekspert bildirir ki, əsas amil etirazların nə qədər davam edəcəyidir. Uzunmüddətli destabilizasiya İranın bütün qonşu ölkələrlə, o cümlədən Azərbaycanla ticarət, enerji və logistika əlaqələrini poza, həmçinin miqrasiya və regional təhlükəsizlik risklərini artıra bilər. Əgər rejim etirazları qısa müddətdə yatırsa, nəticələr nisbətən məhdud olacaq. Lakin bu halda belə, sabitlikdən danışmaq çətindir. Borodkinin sözlərinə görə, indiki etiraz dalğası güc yolu ilə boğulsa belə, İranda növbəti kütləvi etirazların baş verməsi sadəcə zaman məsələsidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
12
50
konkret.az

10Mənbələr