AZ

Qonşuda YANĞIN – Azərbaycan şəhərlərinin FİTİLİ çəkilir

İrandakı etiraz aksiyaları meqapolisləri tam əhatə etmir. Təbriz, Tehran və İsfahan kimi üç strateji şəhərdə hələ ki, nisbi sakitlikdir. Lakin bunun uzun zaman davam edəcəyi də gözlənilmir. Kiçik şəhərlərdə baş verən aksiyaların mahiyyətində isə yeni bir format diqqəti çəkir.

Məsələn, İlam və Kərəc şəhərlərində etiraz aksiyaları zamanı dövlət qurumlarının ələ keçirilməsi yeni tendensiya sayılır. Eyni zamanda, bu, İranda etirazların təməlində təkcə sosial və iqtisadi deyil, siyasi məsələnin də dayandığını göstərir.

Hadisələrin yayılma arealına diqqət etsək, bunun əsasən cənub, cənubi-qərb əyalətlərini əhatə etdiyini görə bilərik. Bu bölgələrdə daha çox etniklər yaşayır. Misal üçün, İlam vilayətində kürdlər üstünlük təşkil edir. Şiraz və Məşhəddə isə farslar dominant olsa da, türkmənlərin də varlığı sirr deyil. İsfahanda da adda-budda etirazlar diqqəti çəksə də, əvvəlkilərdən xeyli zəifdir. Amma ocaq var və o tüstülənir. Şübhəsiz ki, onun alovlanması da müəyyən qədər vaxt alacaq.

Azərbaycan şəhərləri niyə hələ də aktiv deyil və bu gedişlə Təbriz başda olmaqla güney bölgələri ayağa qalxacaqmı?

“Türkiyə

Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Kənan Rövşənoğlu Musavat.com-a danışıb.

O, qeyd edib ki, Azərbaycan bölgələrində heç etiraz yoxdur demək doğru olmaz, kiçik miqyaslı aksiyalar demək olar ki, bütün şəhərlərdə var:

“Yəni ancaq əlbəttə ki, daha şiddətli hadisələr əsasən qərb rayonlarında, kürdlər, nisbətən cənub-şərqdə bəluclar və iri şəhərlərdə olur. Bu da təbiidir, çünki etnik amil hər zaman İranda etirazların aparıcı motivi olub. Ancaq bu etirazların Azərbaycan vilayətlərində zəif olmasının səbəbi güman ki, onun şüarları ilə bağlıdır. Yəni, kürd, bəluc və ya mərkəzdəki iri şərhərlərdə aksiyalar sırf siyasi məqsədlidir. Farslar Pəhləvini istəyir, kürdlər və bəluclar isə müstəqillik üçün hərəkətləniblər, digər bölgələrdə etirazlar isə daha çox sosial-iqtisadi motivlidir.

Əlbəttə, Tehranda və ya Şirazda etiraz edənlərin hamısı pəhləviçi deyil. Nəzərə almaq lazımdır ki, iqtisadi vəziyyət pisdir və mövcud hökumət ötən il yarım ərzində müsbətə doğru nəsə əldə edə bilmədi. Amma bunu təkcə Pezeşkian hökumətinin bacarıqsızlığı kimi təqdim etmək olmaz. Nəzərə almaq lazımdır ki, İran sərt sanksiyalar altındadır, hakimiyyət daxilində islahat və mühafizəkar qanad arasında mübarizə gedir. Yəni, Pezeşkianın bir qələmlə vəziyyəti düzəltmək imkanı yoxdur”.

Kənan Rövşənoğlunun fikrincə, etirazlar hələ bir müddət davam edəcək:

“Böyük ehtimalla bu gün hökumət də cavab aksiyaları keçirəcək, cümə günü yürüşləri olacaq. Ancaq hadisələrin gələcək inkişafını xarici amil həll edəcək. Əgər separatizm silahlı üsyana çevrilsə, vəziyyət daha dramatik hal ala bilər. Əks halda, sosial etirazlar tədricən yatacaq”.

Elxan Şahinoğlu isə açıqlamasında bildirib ki, əgər Vaşinqton İran şahının varisi Rza Pəhləvini molla rejiminə yeganə alternativ kimi qəbul edirsə və ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə onunla görüşməyə hazırlaşırsa, Güney Azərbaycan fəallarının bundan sonra da gözləmə mövqeyində qalmasının mənfi nəticələri ola bilər:

“Təsadüfi deyil ki, dünəndən başlayaraq Güney Azərbaycan şəhərlərində hərəkətlənmə başlayıb. Vaşinqtondakı dairələr anlamalıdırlar ki, Güney Azərbaycan molla rejiminin Pəhləvi sülaləsi ilə əvəz olunmasının əleyhinədir. Təbrizdə, Ərdəbildə və Güney Azərbaycanın digər şəhərlərində səslənən “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarının məntiqini ABŞ-ın siyasi və ekspert dairələri anlamalıdırlar. Fikrimcə, Vaşinqton müxtəlif dövlətlərdə yaşayan və təşkilatlanan güneylilərin səsini də eşitməlidir”.

Politoloqa görə, İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var:

“Ancaq cin şüşədən çıxıb və son etirazlar göstərir ki, İranda geri dönüşü mümkün olmayan proseslər başlayıb. Amerikalı ekspertlərdən biri Rza Pəhləvinin İran əhalisinin 35 faizinin dəstəyinə malik olduğunu söyləyib. Həmin ekspertin bu rəqəmi nəyə əsasən səsləndirdiyi sual doğurur. Çünki İran əhalisi arasında “Siz Rza Pəhləvini dəstəkləyirsinizmi” sualıyla sorğu keçirmək mümkün deyil. Pəhləvi rejimi İranda yaşayan xalqlara indiki rejimdən az zülm etməyib. Ancaq reallıqla hesablaşmalıyıq”.

Elxan Şahinoğlu qeyd edib ki, Qərbdə molla rejiminin alternativi kimi Rza Pəhləvini qəbul edirlər və o, son dərəcə fəaldır:

“İranda 2023-cü ildə etirazlar olanda da Rza Pəhləvi fəallaşmışdı. O əvvəlcə Vaşinqtonda forum keçirmiş, bundan bir neçə gün sonra isə Münhen Təhlükəsizlik Konfransına dəvət almışdı. Bütün hallarda İranda yaşayan azərbaycanlılar üçün Rza Pəhləvinin indiki molla rejimindən fərqi yoxdur. Ona görə də azərbaycanlılar onun hakimiyyətə qaytarılmasını istəmirlər. Rza Pəhləvi açıqlamalarında bildirib ki, İranda hakimiyyətə gələrsə demokratik seçki keçirəcək. Azərbaycanlılar onun bu vədinə inanmırlar. Pəhləvilərin geri dönüşü İranda mərkəzdənqaçma meyllərini gücləndirəcək. Bunun isə vətəndaş müharibəsi ilə müşayiət olunması, qonşu İraq və Suriyadakı proseslərin təkrarlanması təhlükəsi yaranacaq. Azərbaycan İranla normal münasibətlərin tərəfdarıdır. İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlərin inkişafı tərəfdarıdır. Ancaq ondan fərqli olaraq İrandakı mühafizəkarlar əvvəlki tək Azərbaycan əleyhinə açıqlamalar verirlər. Bu mənada Azərbaycan İranda elə dəyişikliklərin tərəfdarıdır ki, mühafizəkarlar prezidentlərinin siyasətinə müdaxilə etməsinlər. Digər tərəfdən Azərbaycan İranda yaşayan azərbaycanlıların dili və digər hüquqlarının tanınmasında maraqlıdır”.

Musavat.com

Seçilən
153
50
editor.az

10Mənbələr