Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası İrandakı etiraz aksiyalarını dəstəkləyən bəyanat yayıb.
Adıçəkilən qurum Güney Azərbaycan türklərini yanvarın 10-da saat 16:30-dan etibarən kütləvi aksiyalara başlamağa çağırıb.
“İqtisadi böhran, bahalaşma və ticarət durğunluğu milyonlarla vətəndaşın həyatını çətinləşdirir. Bazar əhli vətəndaşların ilk təsir altında qalan təbəqəsidir.
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası dinc və mülki etiraz haqqının insan haqqı olduğunu vurğulayır və bütün vətəndaşları qanuni tətil və etirazlarda fəal iştirak etməyə çağırır”,-deyə bəyanatda qeyd edilir.
Etirazların keçirilmə məkanı kimi Təbriz, Urmu, Ərdəbil, Zəngan, Həmədan, Kərəc və digər şəhərlərin əsas meydanları göstərilib:
“Vətəndaşlar, milli simvollar və şüarlardan istifadə edərək sülhsevər və məsuliyyətli şəkildə etirazlarını ucaldın. Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası bir daha bildirir ki, xalqın dinc və mülki etirazları qanuni haqqıdır və müdafiə olunmalıdır”.
Artıq Güney Azərbaycanın bir sıra bölgələrində etirazlar elan edildiyi vaxtdan da tez başlayıb. Həmədan şəhərində əhali küçələrə çıxaraq etiraz edib. Yanvarın 7-dən başlayaraq, Təbriz bazarında sahibkarlar kütləvi tətil ediblər.
İranda tarixən kütləvi xalq etirazlarının əsas siyasi güc mərkəzi olan Güney Azərbaycan əhalisinin yenidən ayağa qalxması rejimin süqutunu tezləşdirə bilər. Ona görə də ölkənin farslar yaşayan bölgələri ilə müqayisədə Güney Azərbaycanda hələlik nisbi sakitlik olmasına baxmayaraq, hakimiyyət Təbrizə çoxsaylı təhlükəsizlik qüvvələri yeridib.
İran rejimi ölkənin digər ərazilərində olduğu kimi, Güney Azərbaycanda da aksiyaların qarşısını almaq üçün internetin yayımını məhdudlaşdırıb. Lakin ABŞ internet dəstəyi verməklə əhali arasında sosial şəbəkələr üzərindən əlaqə və informasiyanın təmin olunmasına, etirazların baş tutmasına şərait yaradıb.
ABŞ İran üzərində, o cümlədən Təbriz və Ərdəbil şəhərləri səmasında “Starlink” peykinin minlərlə qəbuledicisini işə salıb. Bununla da aksiyaların baş tutmasına xaricdən dəstək verilib.
Qeyd edək ki, Güney Azərbaycanın mitinq və nümayişlərə qoşulması İrandakı xalq hərəkatının yeni mərhələyə keçməsinə səbəb ola bilər. Bu isə Azərbaycan türklərinin İranda sayca ən böyük toplum olması ilə bağlıdır. Nəticədə, İranda xalq etirazlarının ikinci və daha böyük yeni güc mərkəzi meydana çıxacaq.
Hətta azərbaycanlıların prosesə qoşulması hələlik gözləmə mövqeyi tutan bəlucları, qaşqayları, ərəbləri və türkmənləri də hərəkətə gətirə bilər. Hadisələrin bu cür inkişafı isə inqilaba və 46 illik teokratik rejimin devirlməsinə gətirib çıxarmış olar. Lakin Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının yaydığı bəyanatdan aydın olur ki, farslar yaşayan bölgələrdən fərqli olaraq, soydaşlarımızın keçirəcəyi etiraz aksiyalarında sosial-iqtisadi tələblərlə yanaşı, milli hüquqların təmin olunması ilə bağlı şüarlara üstünlük veriləcək.
Güney azərbaycanlılar əvvəllər olduğu kimi, bu dəfə də inqilabi proseslərdə siyasi vasitə olmaq istəmədiklərini bildirirlər. Ona görə də İranda yaşayan xalqlar, eləcə də azərbaycanlılar rejimin dəyişməsinə yalnız milli hüquqların tanınacağı halda dəstək verməyə razıdırlar.
Son proseslər fonunda Güney Azərbaycanda milli-azadlıq hərəkatına təkan verəcək amillərdən biri İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin hazırda ABŞ-də yaşayan oğlu Rza Pəhləvinin hakimiyyətə qayıtmaq istəyidir.
Hətta ABŞ-də və Avropada müəyyən siyasi dairələr Rza Pəhləvinin İranda hakimiyyət başına gətirilməsini və bu yolla İranın ərazi bütövlüyünün qorunub saxlanılmasını təklif edirlər. İsrail hökumətində də Pəhləvilər monarxiyasının bərpa olunmasının tərəfdarları var.
Avropa Parlamentinin üzvü ÇarliVaymers Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı KayaKallasa müraciət edərək Rza Pəhləvini “İran müxalifətinin lideri” adlandırıb və onunla danışmağın vaxtının çatdığını bildirib.
Qərb siyasi dairələrin müşahidə olunan bu yanaşma Güney Azərbaycanda narahatlıqla qarşılanır. Çünki Rza Pəhləvi hakimiyyətə gələcəyi təqdirdə İranda yaşayan xalqların milli hüquqlarını təmin etməyəcəyini nəinki açıq şəkildə bəyan edir, üstəlik, 1979-cu ildə atasının devrilməsində rolu olmuş Azərbaycan türklərindən qisas alacağını bildirir.
Ona görə də Rza Pəhləvi amili Güney azərbaycanlıları milli hüquqlar ətrafında birləşdirə bilər.