“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçusu Xuan Kordoba ilə maraqlanır.
İdmanxeber.az “transferfeed.com”a istinadən xəbər verir ki, Ağdam klubu Xorvatiya təmsilçisinin 22 yaşlı kolumbiyalı vingerini heyətinə qatmağı planlaşdırır.
Bir müddətdir əsas komandadan kənarda qalan futbolçunun bu yay iki dəfə icarəyə verilməsi nəzərdə tutulsa da, bu keçidlər baş tutmayıb.
Belə ki, Kordobanın əvvəlcə “Sportinq Xixon”, daha sonra isə “Hyuston Dinamo”ya keçidi dizindəki problem səbəbindən tibbi baxışdan keçə bilməməsi ucbatından reallaşmayıb.
Buna baxmayaraq, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 2024-cü ilin yayında UEFA Çempionlar Liqasının pley-off mərhələsində baş tutan oyunlarda futbolçunun çıxışından məmnun qaldığı və transferdə israrlı olduğu bildirilir.
Qeyd edək ki, Xuan Kordoba 2024-cü ilin avqustunda Zaqreb “Dinamo”suna transfer olunub. Onun klubla müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.
“Transfermarkt” portalına görə futbolçunun bazar dəyəri 850 min avrodur. Kordoba Kolumbiyanın U-20 millisində 7 oyunda 1 qol vurub.
