ain.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Maştağa–Zabrat yolunda son günlərdə ardıcıl yol-nəqliyyat hadisələri qeydə alınır. Ötən gün günorta saatlarında baş verən qəza Zabrat istiqamətində qısamüddətli nəqliyyat sıxlığının yaranmasına səbəb olub.
Bundan əvvəl, cari ayın 3-də minik avtomobillərindən birinin idarəetməni itirərək yol kənarına aşması, 6-da isə baş verən digər yol-nəqliyyat hadisəsi həmin istiqamətdə hərəkətin ləngiməsinə gətirib çıxarıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin apardığı təhlillərə görə, sözügedən yolda son dövrlərdə, o cümlədən cari il ərzində dəfələrlə baş verən qəzaların əsas səbəbi bəzi sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsidir. Belə ki, nəqliyyat vasitələrinin sürətlə idarə olunması və təhlükəsiz ara məsafəsinin saxlanılmaması qəzaların başlıca amilləri kimi göstərilir.
Mərkəz sürücüləri daha məsuliyyətli olmağa, sürət həddinə riayət etməyə və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.