Bakı, 7 yanvar, Fidan Əlizadə, AZƏRTAC
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı üçün 2025-ci il məhsuldar və yaddaqalan olub. İl ərzində teatr tərəfindən Əməkdar artist Nicat Kazımovun “Şah Abbas Namə”, Ayla Osmanovanın “Düyməcik” və “Büllur başmaq”, Səbinə Məmmədzadənin “Solğun çiçəklər” quruluşunda hazırlanan tamaşalar təqdim edilib, bu səhnə əsərləri teatr tarixində əlamətdar iz qoyub.
Bunu AZƏRTAC-a açıqlamasında teatrın mətbuat katibi Samirə Əşrəf söyləyib.
Onun sözlərinə görə, hazırda repertuar planına uyğun olaraq “Neft bumu hamıya gülümsəyir” tamaşası üzərində işlər aparılır. Eyni zamanda N.V. Qoqolun “Evlənmə” əsəri əsasında hazırlanan tamaşanın məşqlərinə yaxın günlərdə başlanılılacaq. Bundan əlavə, neft milyonçusu Murtuza Muxtarovun həyatından bəhs edən “Muxtarov” adlı pyesin sifarişi verilib”,-deyə mətbuat katibi əlavə edib.
Hesabat ilində teatrın yaradıcı kollektivinin bir sıra uğurlu qastrol səfərlərində olduğunu söyləyən Samirə Əşrəf Milli Gənc Tamaşaçılar Teatrının ötən ilki beynəlxalq əlaqələrindən də söhbət açıb: “Teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynov Qazaxıstanın Kostanay şəhərində keçirilən “Monofest” beynəlxalq monotamaşalar festivalında və Udmurt Respublikasının İjevsk şəhərində təşkil olunan “Tuk-Fest” III beynəlxalq teatr festivalında P. Züskindin “Kontrabas” mono-tamaşası ilə uğurla çıxış edib. O, həmçinin İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində keçirilən “Arsbaran” beynəlxalq teatr festivalında və Almaniyanın Hannover şəhərində təşkil olunan XIV “Körpü” kiçik formalı tamaşaların beynəlxalq teatr festivalında N.V. Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə teatrımızı təmsil edib.
Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin dəvəti ilə teatrımızın əməkdaşları, Əməkdar artistlər Nicat Kazımov və İlham Əsədov, Qırğızıstanın Xalq artisti, görkəmli bəstəkar Jumamudun Şeraliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Jumamudun Şeraliyev XXI əsrdə” adlı beynəlxalq yubiley festivalında fəxri qonaq və festival iştirakçısı qismində iştirak ediblər.
Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə bağlanmış qarşılıqlı memoranduma əsasən, teatrımız Özbəkistanda “Müharibə”, “Mən gəldim, qızlar” tamaşaları ilə çıxış edib. Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycanda Korney Çukovskinin “Muxa-Tsokotuxa” tamaşasını təqdim edib”.