AZ

Samirə Əşrəf: “Neft bumu hamıya gülümsəyir” tamaşasının məşqləri davam edir

Bakı, 7 yanvar, Fidan Əlizadə, AZƏRTAC

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı üçün 2025-ci il məhsuldar və yaddaqalan olub. İl ərzində teatr tərəfindən Əməkdar artist Nicat Kazımovun quruluşunda “Şah Abbas Namə”, Ayla Osmanovanın “Düyməcik” və “Büllur başmaq”, Səbinə Məmmədzadənin quruluşunda isə “Solğun çiçəklər” tamaşalarının hazırlanması teatr tarixində əlamətdar iz qoyub.

Bunu AZƏRTAC-a açıqlamasında teatrın mətbuat katibi Samirə Əşrəf söyləyib.

Onun sözlərinə görə, hazırda repertuar planına uyğun olaraq “Neft bumu hamıya gülümsəyir” tamaşasının məşqləri davam edir. Eyni zamanda, N.V. Qoqolun “Evlənmə” əsəri əsasında hazırlanan tamaşanın məşqlərinə yaxın günlərdə başlanılacaq. Bundan əlavə, neft milyonçusu Murtuza Muxtarovun həyatından bəhs edən “Muxtarov” adlı pyesin sifarişi verilib”,-deyə mətbuat katibi əlavə edib.

Hesabat ilində teatrın yaradıcı kollektivinin bir sıra uğurlu qastrol səfərlərində olduğunu söyləyən Samirə Əşrəf Milli Gənc Tamaşaçılar Teatrının ötən ilki beynəlxalq əlaqələrindən də söhbət açıb: “Teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynov Qazaxıstanın Kostanay şəhərində keçirilən “Monofest” beynəlxalq monotamaşalar festivalında və Udmurt Respublikasının İjevsk şəhərində təşkil olunan “Tuk-Fest” III beynəlxalq teatr festivalında P. Züskindin “Kontrabas” monotamaşası ilə uğurla çıxış edib. O, həmçinin İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində keçirilən “Arsbaran” beynəlxalq teatr festivalında və Almaniyanın Hannover şəhərində təşkil olunan XIV “Körpü” kiçik formalı tamaşaların beynəlxalq teatr festivalında N.V. Qoqolun “Dəlinin qeydləri” monotamaşası ilə teatrımızı təmsil edib.

Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin dəvəti ilə teatrımızın əməkdaşları, Əməkdar artistlər Nicat Kazımov və İlham Əsədov, Qırğızıstanın Xalq artisti, görkəmli bəstəkar Jumamudun Şeraliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Jumamudun Şeraliyev XXI əsrdə” adlı beynəlxalq yubiley festivalında fəxri qonaq və festival iştirakçısı qismində iştirak ediblər.

Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə bağlanmış qarşılıqlı memoranduma əsasən, teatrımız Özbəkistanda “Müharibə...Mən gəldim, qızlar” tamaşası ilə çıxış edib. Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycanda Korney Çukovskinin “Muxa-Tsokotuxa” tamaşasını təqdim edib”.

 

 

 

Seçilən
14
1
azertag.az

2Mənbələr