AZ

Prezidentin müsahibəsi Azərbaycanın gələcəyə yönəlmiş iqtisadi-siyasi proqramının şərhidir RƏY

Bakı, 7 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibə qazanılan nailiyyətləri, iqtisadi-siyasi gündəmi və Azərbaycanın strateji hədəflərini bir daha daxili və beynəlxalq auditoriyayanın diqqətinə çatdırdı. Dövlətimizin başçısı bütün istiqamətlər üzrə səsləndirilən suallara olduqca dəqiq, məzmunlu, əhatəli və faktlara əsaslanan cavablar verməklə güclü strateq olduğunu bir daha nümayiş etdirdi. Ötən ili Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində tarixi dönüş ili kimi qiymətləndirən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulduğunu və artıq bir neçə aydır ki, sülh şəraitində yaşadığımızı diqqətə çatdırdı. Bu fikirlər Azərbaycanın öz gücünü və siyasi iradəsini müdafiə etdiyini, eyni zamanda, Vaşinqton razılaşmalarının dayanıqlı sülhə çevrilməsi üçün diplomatik səylərin uğurla davam etdirildiyinin təsdiqidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, müsahibədə Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin xarakteristikasından, ədalətsiz 907-ci düzəlişdən bəhs edən Prezident İlham Əliyev bu aspektdə olduqca əhəmiyyətli məqamlara toxunub: “Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Co Bayden və dövlət katibi Entoni Blinken dövründə Vaşinqton-Bakı əlaqələri tarixin ən gərgin və ziddiyyətli dövrünü yaşadı. Keçmiş prezident açıq şəkildə anti-Azərbaycan ritorikasından çıxış edərək ölkəmizin haqlı mövqeyini görməzdən gəlirdi və birtərəfli qaydada erməni lobbisinin maraqlarına xidmət edirdi. Bu məqamları dövlətimizin başçısı xüsusi olaraq diqqətə çatdırdı”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev müsahibədə Çin Xalq Respublikası ilə qurulan diplomatik münasibətlərlə bağlı olduqca əhatəli fikirlər səsləndirdi. Bütün bunlar, xüsusilə Orta Dəhliz fonunda formalaşdırılan işlək mexanizm hər iki ölkə üçün perspektivli iqtisadi zəmin yaradır. Digər vacib məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi ilə əlaqədardır. Mərkəzi Asiyanın türk dövlətləri və Azərbaycan arasında istər təktərəfli, istərsə də çoxtərəfli formatda kifayət qədər məhsuldar və səmərəli işlər görülür. Türk Dövlətləri Təşkilatı çərçivəsində qurulan koordinasiyalı əməkdaşlıq portfeli gələcəyə doğru atılan möhkəm təməldir.

“Dövlətimizin başçısının qeyd etdiyi digər vacib məqam isə ölkədə həyata keçirilən sosial islahatlarla bağlı idi. Ölkə Prezidenti Azərbaycanın bütün siyasətinin həm sosialyönümlü, həm də investisiyayönümlü olduğunu vurğuladı. Bütün bunlar illərdir aparılan məqsədyönlü siyasətin real nəticələridir. Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın gələcəyə yönəlmiş perspektivli, məhsuldar və pozitiv iqtisadi-siyasi proqramının şərhidir”, - deyə Günay Ağamalı vurğulayıb.

Seçilən
76
2
azertag.az

3Mənbələr