AZ

Bu müsahibə Azərbaycanın yeni siyasi mərhələsini nümayiş etdirdi ŞƏRH

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Möhtərəm cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibə keçən müddət ərzində qazanılan nailiyyətləri, iqtisadi-siyasi gündəmi və Azərbaycanın strateji hədəflərini bir daha daxili və beynəlxalq auditoriyanın diqqətinə çatdırdı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı bütün istiqamətlər üzrə səsləndirilən suallara olduqca dəqiq, məzmunlu, əhatəli və faktlara əsaslanan cavablar verməklə güclü strateq olduğunu bir daha nümayiş etdirdi: "Ötən ili Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində tarixi dönüş ili kimi qiymətləndirən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulduğunu və artıq bir neçə aydır ki, sülh şəraitində yaşadığımızı diqqətə çatdırdı. Artıq iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ciddi işlərin görülməsinin şahidi oluruq. Azərbaycan üzərindən bitərəfli qaydada Ermənistanda üçüncü ölkələrin məhsulları daşınır, paralel olaraq da ölkəmizə məxsus neft məhsulları Gürcüstan vasitəsilə sözügedən ölkəyə satılır. Bunlar Azərbaycanın öz gücünü və siyasi iradəsini müdafiə etdiyini, eyni zamanda, Vaşinqton razılaşmalarının dayanıqlı sülhə çevrilməsi üçün diplomatik səylərin uğurla davam etdirildiyinin təsdiqidir.

Müsahibə zamanı Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin xarakteristikasından, ədalətsiz 907-ci düzəlişdən bəhs edən Prezident İlham Əliyev bu aspektdə olduqca əhəmiyyətli məqamlara toxundu. Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti Co Bayden və Dövlət katibi Antoni Blinken dövründə Vaşinqton-Bakı əlaqələri tarixin ən gərgin və ziddiyyətli dövrünü yaşadı. Keçmiş prezident açıq şəkildə anti-Azərbaycan ritorikasından çıxış edərək ölkəmizin haqlı mövqeyini görməzdən gəlirdi və birtərəfli qaydada erməni lobbisinin maraqlarına xidmət edirdi. Onlar Ermənistanı dəstəkləməklə regionda formalaşan kövrək sülhə mənfi təsir göstərirdilər. Lakin indi tamamilə fərqli konfiqurasiya formalaşıb. Azərbaycan və ABŞ münasibətləri özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident Donald Tramp ölkəmizin regiondakı lider mövqeyini lazımı səviyyədə qiymətləndirir.

Prezident İlham Əliyev müsahibədə Çin Xalq Respublikası ilə qurulan diplomatik münasibətlərlə bağlı olduqca əhatəli fikirlər səsləndirdi. Bilindiyi kimi, Bakı və Pekin arasında iqtisadi-siyasi əlaqələr uğurla inkişaf edir. Çin şirkətləri ölkəmizdə sənaye və enerji sahələri başda olmaqla bir çox aparıcı istiqamətlərə investisiya yatırırlar. Bütün bunlar, xüsusilə Orta Dəhliz fonunda formalaşdırılan işlək mexanizm hər iki ölkə üçün perspektivli iqtisadi zəmin yaradır.

Digər vacib məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi ilə əlaqədardır. Mərkəzi Asiyanın türk dövlətləri və Azərbaycan arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda kifayət qədər məhsuldar və səmərəli işlər görülür. Türk Dövlətləri Təşkilatı çərçivəsində qurulan koordinasiyalı əməkdaşlıq portfeli gələcəyə doğru atılan möhkəm təməldir. Zəngəzur dəhlizinin reallaşdırılmasından bəhs edən ölkə rəhbəri layihənin interkontental əhəmiyyətini bir daha diqqətə çatdırdı. Avqustun 8 - də Vaşinqtonda imzalanan üçtərəfli razılaşmalar Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasi, hüquqi zəminin formalaşdırılmasının göstəricisidir.

Dövlətimizin başçısının qeyd etdiyi digər vacib məqam isə ölkədə həyata keçirilən sosial islahatlarla bağlı idi. Ölkə Prezidenti Azərbaycanın bütün siyasətinin həm sosialyönümlü, həm də investisiyayönümlü olduğunu vurğuladı. Bütün bunlar illərdir aparılan məqsədyönlü siyasətin real nəticələridir. Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın gələcəyə yönəlmiş perspektivli, məhsuldar və pozitiv iqtisadi-siyasi proqramının şərhidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
2
sia.az

3Mənbələr