İki gündür gündəmi Dubayda təşkil olunan dəbdəbəli toyun görüntüləri alt-üst edib. Dünən isə həmin məclisin Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlunun toyu olduğu üzə çıxdı.
Hətta bir neçə gün öncə deputat özü də Milli Məclisdə və İTV-də alovlu nitq söyləyərək dəbdəbəli toy keçirənləri tənqid etmiş və bu cür israfçılığa yol verməməyi məsləhət görmüşdü.
Deputat deyəsən unudub ki, xalqın gözü tərəzidir...
Əslində bu toyu da görüb çox təəccüblənmədik. Deyəsən, yavaş-yavaş öyrəşirik. Bu millət Madriddə şərab biznesi olan universitet rektorundan tutmuş, karantində hər kəsin evə qapadıldığı bir vaxtda nəvəsinə toy edən məmuruna qədər çox adamların hərəkətlərinin şahidi olub və eşidib. Ona görə də indi Dubayda keçirilən toy bizi nə şoka salır, nə də silkələyir. Sadəcə, növbəti dəfə dərin bir “ah” çəkib keçirik.
Lakin müzakirə xalqımızın damarlarına qədər işləyib. Küçədə yıxılıb öləndən tutmuş, kimin nə geyindiyinə, nə danışdığına qədər hər şeyi müzakirə edirik. Lakin çifayda. Elə dediyimiz də, gördüyümüz də özümüzə qalır.
Məclisin aparıcısı Nanə Ağamalıyeva, əsas qonaqları isə Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov, müğənni Ləman Ömər və başqa tanınmış simalar olub.
Məkan kimi isə Dubayda yerləşən “The Ritz- Carlton Dubai” hoteli seçilib. Amma görünür, məsələ təkcə toy yox, onu “harada” keçirməkdir. Məlumat üçün bildirim ki, həmin oteldən Bakıda da var. Həmin bina da Azərbaycanın 10 ən yüksək binalarından biridir. Bununla yanaşı paytaxtda saysız-hesabsız dəbdəbəli otel və restoranlar fəaliyyət göstərir. İndiki dövrdə oliqarx görünmək üçün ölkə xaricinə çıxmağa ehtiyac da yoxdur. Qısası həmin toyu elə Azərbaycanda da təşkil etmək olardı.
İndi deyəcəklər ki, sənə nə? Pul onlarındır özləri bilər. Amma adamın pulu çox olanda xərcləmə taktikası da dəyişir. Xüsusilə həmin pul əziyyətsiz qazanılırsa, onda pulun sahibi də qazandığını hara gəldi səpir. Biletlər, oteldə gecələmək, məclisin təşkil olunması və s. kimi bir ton əlavə xərclər saya bilərəm. Lakin bunlar nəyi dəyişəcək? Uzağı xəbəri oxuyanlar, toydan videolara baxanlar deyəcəklər ki, cəmiyyətin böyük bir hissəsinin illərlə güclə qazandığını bunlar bir gecədə göyə sovururlar yaxud şabaş atırlar.
Burada məsələ Dubayda keçirilən toy da deyil əslində. Ölkəmizdə həddindən artıq olan dəbdəbə də utanc hissi yaratmır. Problem ondan ibarətdir ki, xalqın böyük bir hissəsi kredit, borc, sabahın qeyri-müəyyənliyi ilə yaşayarkən, bir gecəlik şənlik üçün milyonlar xərclənir və buna “normallıq” adı qoyulur.
Biz artıq sual da vermirik ki, bu pullar haradan gəlir? Necə qazanılır? Deyəsən, daha müqayisə də etmirik. Bilmirik kim necə yaşayır, kim necə dolanır? Çünki öyrəşmişik. Öyrəşmək isə ən təhlükəli xəstəlikdir.
Bu gün Dubayda toy edənlər sabah da başqa ölkələrdə, şəhərlərdə həmin məclislərdən edəcəklər. Çünki onlar üçün ünvan dəyişir, həyat yox. Ünvansız olanların isə necə yaşayacağı, necə dolanacağı heç kəs üçün maraqlı deyil. Bu xalqın yuxarı təbəqəsi yaşamağı bacarır, aşağı təbəqəsi isə yalnız yaşamağa çalışır.
Bildiyim tək şey odur ki, hər şey dəyişsə belə, həmin pulların xəyalını belə qura bilməyən minlərlə insanın həyatındakı yoxluq yerində qalacaq...
Aydan Hacı
Telegram kanalımız