Milli Məclisin deputatı Razi Nurullayevin personası ətrafında yaranmış qalmaqal nisbətən səngidiyi üçün hadisəyə “soyuq başla” yanaşa bilərik. Tərəfsiz və qərəzsiz münasibət həm xalqın, həmdə onun vəkilinin xeyrinədir...
Deputat deyir ki, o, qardaşına görə cavabdehlik daşımır. Düz deyir. Qonşumuz Natiqin iki qardaşı var; biri 44 günlük müharibədə iştirak edib, Cocuq Mərcanlıdan Həkəriyə qədər qabağına çıxan düşməni cəhənnəmə vasil edib. O biri qardaşı isə avaranın biridi, məhəllədə borc almadığı adam qalmayıb. Müharibə iştirakçısı olan qardaşına görə Natiqə hörmət etmədikləri kimi, o bivec qardaşı üzündən də töhmət etmirlər…
Razi Nurullayev bu məsələdə haqlıdır. O, qardaşı Hasil Nurullayevə görə məsulliyət daşımır. Razi müəllimin səhvi isə yaxasını tamamilə kənara çəkməyindədi. Deyir ki, qardaşının işinə qarışa bilməz. Adamdan soruşarlar ki, bəs niyə camaatın işinə qarışırsan? Niyə Milli Məclisdə toylardakı israfçılıqdan danışırsan? Niyə səs-küydən, müğənnilərə ödənilən ikirəqəmli qonorardan şikayətlənirsən?
Razi Nurullayevin bu suala cavabı aydındır. Deyəcək ki, əhali ilə maarifləndirmə işi aparıram. Adamdan soruşarlar ki, bəs qardaşınla niyə maarifləndirici söhbət aparmadın?
Razi Nurullayevin ikinci səhvinə keçək. Deyir ki, qardaşı ondan ağıllıdır. Sitat: “Ondan ağıllı olsaydım, mən də iş adamı olardım, pulum, var-dövlətim olardı. Ağıllı olmadığım üçün siyasətçi oldum".
Gərək Razi müəllim belə səhv etməyəydi. Xalq onu ağıllı adam bildiyi üçün deputat seçib. Dünyanın hər yerində siyasətlə ağıllı adamlar məşğul olur. Çünki onlar xalqın taleyini həll edirlər. Ağılsız adam küçələrdə avara sərgərdan dolaşar, parlamentdə danışmaz.
Deputatın toy mövzusunda sərgilədiyi fəallıq mətbuat üçün qazanc sayıla bilər. Danışdı, çoxlu başlıq verdi, televiziyalara, saytlara xeyli oxucu qazandırdı. Amma özü heç nə qazanmadı. Çünki səhvlər düzü aparanda yerdə heç nə qalmadı...