Bakı, 7 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində 2025-ci ilin yekunlarını geniş təhlil etdi. Dövlətimizin başçısı müsahibədə Ermənistanla sülh prosesi, regionda vəziyyət və digər aktual mövzularla bağlı mühüm mesajlar verib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
O bildirib ki, 2025-ci il ölkəmizin xarici siyasəti baxımından da kifayət qədər uğurlu il olub. Prezident bu məqamı xüsusi vurğulayıb. Azərbaycan öz milli maraqlarının təmin olunması məqsədilə dəyişən geosiyasi şəraitdə çevik, məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirib. Eləcə də, ikitərəfli və çoxtərəfli münasibətlərində əməkdaşlıq mexanizmlərini gücləndirib, beynəlxalq səviyyədə nüfuzunu və təsir imkanlarını nəzərəçarpacaq dərəcədə artırıb. Şanlı Zəfərimizin, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpasının 5 illiyinin qeyd olunduğu 2025-ci ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin normallaşdırılması ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub. Şübhəsiz ki, ötən il avqustun 8-dəki Vaşinqton görüşünü tarixi hadisə adlandırmaq mümkündür. Həmin gün Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamə, habelə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması və digər razılıqlar bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib. Vaşinqton Sammitində, həmçinin Azərbaycan Respublikasının əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini nəzərdə tutan “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə razılıq əldə edilib. Bununla yanaşı, ATƏT-in Minsk Prosesinin və əlaqədar strukturların bağlanmasına nail olunub, bununla Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin beynəlxalq gündəlikdən çıxarılmasına dair mühüm mərhələ tamamlanıb.
Milli Məclisin deputatının sözlərinə görə, ötən il Azərbaycanla Ermənistan arasında etimad quruculuğu istiqamətində önəmli addımlar atılıb. Bu da dövlətimizin sülhə sadiqliyinin göstəricisidir. Digər tərəfdən, 2025-ci ildə Azərbaycanla ABŞ arasında münasibətlərdə yeni mərhələ başlayıb. Avqustun 8-də Ağ Evdə Donald Trampın “907-ci düzəliş”in icrasının dayandırılması haqqında imzaladığı qərar bu baxımdan böyük əhəmiyyət kəsb edir. İnanırıq ki, tezliklə “907-ci düzəliş” tamamilə ləğv olunacaq. Çünki bu sənədin qüvvədə qalmasına heç bir səbəb yoxdur.
“2025-ci ildə Azərbaycan dünyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin olunmasına öz müsbət töhfəsini verib və bu çərçivədə müvafiq müraciətlərə uyğun olaraq bir sıra ölkələr arasında diplomatik vasitəçilik missiyalarını həyata keçirib. Azərbaycanın regional sülh, təhlükəsizlik və rifah üçün əldə etdiyi bu mühüm nəticələr qətiyyətli və uzaqgörən liderlik, diplomatiya və strateji əməkdaşlıq vasitəsilə əldə edilib. Ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə regionun aparıcı dövləti, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş və sülhün təşəbbüskarı kimi qəbul olunur. Bu, dövlətçiliyimizin möhkəm əsaslarının, iqtisadi gücümüzün və xalqımızın birliyinin təntənəsidir. Azərbaycan 2026-cı ildə sülh prosesini daha da irəlilətmək məqsədilə ikitərəfli, birbaşa və prinsipial dialoqa sadiq qalacaq. Bu kontekstdə, artıq paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyasını təmin etmək üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarının aradan qaldırması və TRIPP layihəsi üzrə maneəsiz əlaqənin təmin edilməsi ilə bağlı öhdəliklərin tam icrası önəmlidir”, - deyə deputat vurğulayıb.