Yanvarın 7-də Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin kənd təsərrüfatı nazirlərinin görüşü keçiriləcək.
"Far.Az"un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ rəsmisi Matsey Berestetski bildirib.
Görüşdə Avropa komissarları Kristof Hansen, Maroş Şefçoviç və Oliver Varheli də iştirak edəcəklər.
Aİ rəsmisinin sözlərinə görə, görüşdə Avropa ölkələrində kənd təsərrüfatının gələcəyi və ərzaq təhlükəsizliyi, həmçinin Brüsselin aqrar sektorla bağlı gələcək addımları müzakirə olunacaq.
MERCOSUR ölkələri ilə ticarət sazişi gündəlikdə olmasa da, bu məsələ müzakirə olunacaq, çünki Avropa Komissiyası artıq bu ay sazişi imzalamaq niyyətindir.
ABŞ Prezidenti Donald Trampın "Qərb yarımkürəsinin Vaşinqtonun müstəsna maraq zonası olması" ilə bağlı bəyanatı fonunda Venesuelada baş verən hadisələrdən sonra bu regionda vəziyyətin dəyişməsinə dair suala cavab olaraq, Aİ-nin digər rəsmi nümayəndəsi Toma Renye bildirib ki, blokun mövqeyi dəyişməz olaraq qalır.
"Avropa İttifaqı Şurasının dekabrda keçirilmiş sonuncu iclasından bəri biz üzv dövlətlərimizlə MERCOSUR ilə sazişin mümkün qədər tez imzalanmasının vacibliyi nəzərə alınmaqla fəal şəkildə əməkdaşlıq edirik. Biz bu sazişin aktuallığına və əhəmiyyətinə qəti surətdə inanırıq", - o bildirib.
T.Renye əlavə edib ki, bu saziş Aİ-nin ticarət əlaqələrinin şaxələndirilməsi və genişləndirilməsi strategiyasının bir hissəsidir.