"Bütün bunlar ciddi uğurlardır. Son illər bir neçə dəfə QHT Agentliyinin təşkil etdiyi təlim və treninqlərə, mübadilə proqramlarına qatılmışam. Vətəndaş cəmiyyətində nəsil dəyişikliyinin baş verdiyini müşahidə etmişəm. Artıq bu sektorda başqalarına layihə yazdıran, bəzən icra etdiyi layihənin məzmunundan xəbəri olmayan təsadüfi adamlar demək olar ki, yoxdur. Sektora yeniliyə açıq, xarici dil bilgisi, kommunikasiya yaratmaq qabiliyyəti olan gənc insanlar gəlib. Bütün bu uğurlarda QHT Agentliyinin hazırkı rəhbərliyinin prinsipial mövqeyi böyük rol oynayıb. Aparılan islahatlar cəmiyyətdə QHT-lərə də müsbət imic qazandırıb".
Elman Cəfərli deyib ki, QHT-lərin maliyyələşdirilməsi ilə bağlı fərqli qaydaların ləğvi, hamı üçün eyni və vahid qaydanın tətbiqi müsbət addımdır: "Artıq QHT-lərə qrant ayıran 16 qurumun vahid koordinasiyası aparılacaq. Bu, QHT sektorunda hələ də üzə çıxan mənfi meyllərə-qrupbazlığa, şəbəkələşməyə, ayrı-ayrı nüfuzlu insanların, QHT-lərin monopoliya cəhdlərinə son qoyacaq. Bununla yanaşı tətbiq olunacaq "bir pəncərə" sistemi milli prioritetlərə uyğun səpkidə mövzuların dövlət qurumları arasında bölüşdürülməsinə xidmət edəcək. Bu fərman eyni zamanda QHT Agentliyinə olan etimadın nəticəsidir. Artıq cəmiyyətdə, rəsmi qurumlarda belə bir rəy formalaşıb ki, qranların verilməsi, QHT-lərin layihələrinin maliyyələşdirilməsi işini ən yaxşı, peşəkar formada həyata keçirən qurum QHT Agentliyidir".
Son 5 ildə vətəndaş cəmiyyətinin ciddi gücə çevrildiyini vurğulayan QHT sədri hesab edir ki, bu sahədə şəffaflığı, peşəkarlığı artıracaq yeni islahatlar QHT-lərin fəaliyyət coğrafiyasının genişlənməsinə səbəb olacaq: "Yaşadığımız dövrdə qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması prioritet məsələdir. 2024-cü ildə ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) keçirildi. Bu toplantıda Azərbaycan vətəndaş cəmiyyəti aktiv iştirak etdi, beynəlxalq əlaqələrini genişləndirdi. Bu il Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu keçiriləcək. Bu toplantıda da QHT sektoru xüsusi fəallığı ilə seçiləcək. Azərbaycanın vətəndaş cəmiyyətinin əməkdaşlıq arealını genişləndirməsi, qlobal platformalarda təmsil olunması bəzən beynəlxaq miqyasda qərəzli kampaniyalarla üzləşən dövlətimizin əlinin gücləndirən faktordur. Vətəndaş cəmiyyəti dəfələrlə dövlətin "yumşaq gücü" rolunda çıxış edib və uğurlu nəticələr qazanıb. Ümid edirik ki, beynəlxalq tərəfdaşlarını artıran Azərbaycan QHT-ləri müxtəlif ümummilli, regional və qlobal problemlərin həllində yenə aparıcı rol oynayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31