“Prezident İlham Əliyevin QHT Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi əlaqədar imzaladığı fərman vətəndaş cəmiyyətinin inkişafına, bu sektorda keyfiyyət dəyişikliyinin artırılmasına təkan verəcək”. Bunu açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin apardığı məqsədyönlü islahatlar nəticəsində son 5 ildə vətəndaş cəmiyyətində ixtisaslaşma yaranıb, QHT-lərin beynəlxalq əlaqələri genişlənib.
“Bütün bunlar ciddi uğurlardır. Son illər bir neçə dəfə QHT Agentliyinin təşkil etdiyi təlim və treninqlərə, mübadilə proqramlarına qatılmışam. Vətəndaş cəmiyyətində nəsil dəyişikliyinin baş verdiyini müşahidə etmişəm. Artıq bu sektorda başqalarına layihə yazdıran, bəzən icra etdiyi layihənin məzmunundan xəbəri olmayan təsadüfi adamlar demək olar ki, yoxdur. Sektora yeniliyə açıq, xarici dil bilgisi, kommunikasiya yaratmaq qabiliyyəti olan gənc insanlar gəlib. Bütün bu uğurlarda QHT Agentliyinin hazırkı rəhbərliyinin prinsipial mövqeyi böyük rol oynayıb. Aparılan islahatlar cəmiyyətdə QHT-lərə də müsbət imic qazandırıb”.
Elman Cəfərli deyib ki, QHT-lərin maliyyələşdirilməsi ilə bağlı fərqli qaydaların ləğvi, hamı üçün eyni və vahid qaydanın tətbiqi müsbət addımdır:
“Artıq QHT-lərə qrant ayıran 16 qurumun vahid koordinasiyası aparılacaq. Bu, QHT sektorunda hələ də üzə çıxan mənfi meyllərə-qrupbazlığa, şəbəkələşməyə, ayrı-ayrı nüfuzlu insanların, QHT-lərin monopoliya cəhdlərinə son qoyacaq. Bununla yanaşı tətbiq olunacaq “bir pəncərə” sistemi milli prioritetlərə uyğun səpkidə mövzuların dövlət qurumları arasında bölüşdürülməsinə xidmət edəcək. Bu fərman eyni zamanda QHT Agentliyinə olan etimadın nəticəsidir. Artıq cəmiyyətdə, rəsmi qurumlarda belə bir rəy formalaşıb ki, qranların verilməsi, QHT-lərin layihələrinin maliyyələşdirilməsi işini ən yaxşı, peşəkar formada həyata keçirən qurum QHT Agentliyidir”.