Venesuelanın paytaxtında gərgin anlar yaşanıb.
AzPost xəbər verir ki, Karakasda prezident sarayı ətrafında atışma səslərinin eşidildiyi bildirilib. Məlumatı BNO News portalı yayıb və hadisənin dəqiq səbəblərinin hələlik müəyyənləşdirilmədiyini qeyd edib.
Yerli Venesuela mediasının iddialarına görə, atışma səsləri hava hücumundan müdafiə sistemlərinin işə düşməsi ilə bağlı ola bilər. Bildirilir ki, prezident sarayı yaxınlığında pilotsuz uçuş aparatlarının uçuşu qeydə alınıb və buna cavab olaraq təhlükəsizlik tədbirləri gücləndirilib.
Eyni zamanda, bəzi hökumət qurumlarının əməkdaşlarının təxliyə edildiyi barədə də məlumatlar yayılıb. Hadisə paytaxt sakinləri arasında narahatlıq yaradıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sonradan AFP agentliyi məsələ ilə bağlı açıqlama yayıb. Agentliyin məlumatına görə, hazırda Karakasda vəziyyət nəzarət altındadır və təhlükəsizlik qüvvələri tam hazır vəziyyətdədir.
Rəsmi qurumlar insidentlə bağlı hələlik ətraflı açıqlama verməyib. Hadisənin PUA təhlükəsi ilə bağlı olub-olmadığı araşdırılır. Venesuela hakimiyyəti paytaxtda təhlükəsizliyin təmin edildiyini bildirir.