Kiyev, 6 yanvar, AZƏRTAC
Ukrayna Prezidenti Vladimir Zelenskiyə ölkə vətəndaşlarının 59 faizi etibar edir, 35 faizi isə etmir.
AZƏRTAC xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) 26 noyabr – 29 dekabr 2025-ci il tarixlərində keçirdiyi sorğunun nəticələri sübut edir.
Zelenskiyə inam-etimadsızlıq balansı 24 faiz təşkil edir.
2025-ci ilin oktyabr ayının əvvəlində etimad göstəriciləri demək olar ki, eyni idi. Yəni, ümumilikdə dekabrın yekunlarına əsasən Prezidentə etimad səviyyəsi bir neçə ay əvvəlki vəziyyətlə (xüsusilə energetika sektorunda korrupsiya ilə bağlı məlumatların yayılmasından əvvəl) müqayisədə ümumilikdə dəyişməz qalıb.
Eyni zamanda, KBSİ-də qeyd ediblər ki, Prezidentə etimad göstəriciləri olduqca dinamikdir və kontekstdən asılıdır. Bu, xüsusilə ictimai müzakirələrdə hansı gündəliyin üstünlük təşkil etməsindən, dövlət idarəçiliyi, korrupsiya kimi daxili məsələlərdən, yoxsa tərəfdaşlarla münasibətlər və sülh danışıqları kimi xarici mövzulardan asılıdır.
26–30 noyabr tarixlərində sorğuya cəlb olunan respondentlərin 49 faizi Zelenskiyə etibar etdiyini bildirib. 1–13 dekabr tarixlərində sorğu aparılan respondentlər arasında bu göstərici 63 faiz olub. 14–29 dekabr tarixlərində sorğuya qatılan respondentlərin isə 55 faizi prezidentə etimad göstərib.
Beləliklə, sosioloqların fikrincə, energetika sektorunda korrupsiya ilə bağlı məlumatların açıqlanmasından sonra prezident təxminən 10 faiz bəndi səviyyəsində etimad itirib. Lakin daha sonra beynəlxalq vəziyyətin (sülh danışıqları) fonunda “bayraq ətrafında birləşmə”nin növbəti mərhələsi müşahidə olunub və dövlət başçısına etimad yenidən artıb.
Bununla belə, dekabrın sonuna doğru bu cür birləşmənin təsiri bir qədər zəifləyib və sorğunun nəticələrində cüzi azalma meyli qeydə alınıb.
Hər bir halda, 2025-ci ilin sonuna Zelenskiyə etimad səviyyəsi 2024-cü ilin sonu ilə müqayisədə daha yüksəkdir. KBSİ-də vurğulanıb ki, 2025-ci il ərzində ən yüksək dəstək may ayının əvvəlində qeydə alınıb. İnstitut əlavə edib: “Bundan sonra da (hətta hazırda, məsələn, kadr dəyişiklikləri fonunda) prezidentə etimad göstəricisinin dinamik olaraq dəyişəcəyini gözləmək olar”.
Prezidentə etimadın daha bir mühüm aspekti ondan ibarətdir ki, ona etibar edən 59 faizin 26 faizi tam etibar etdiyini, 33 faizi isə ümumən etibar etdiyini bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev