AZ

Edinburq Universitetində tədqiqat aparan azərbaycanlı gənc alim süni intellektin imkanlarından danışır

London, 5 yanvar, AZƏRTAC

İki ildir Böyük Britaniyada yaşayan azərbaycanlı gənc alim və tədqiqatçı Fərhad Ağayev Edinburq Universitetində süni intellekt və idrak elmləri üzrə doktorantura təhsili alır. O, hesablama neyroelmi, idrak modelləşdirilməsi və neyron məlumatların analizi sahələrində ixtisaslaşır və Böyük Britaniyada elmi fəaliyyət göstərərək beynəlxalq akademik mühitdə təcrübə qazanır.

Fərhad Ağayevin əvvəlki təhsili süni intellekt istiqamətində olub. Magistratura dövründə maşın öyrənməsi, məlumat analizi və idrak proseslərinin modelləşdirilməsi sahələrinə yönələn elmi maraqları hazırkı doktorantura tədqiqatının əsasını təşkil edir. AZƏRTAC Fərhad Ağayev ilə müsahibəni təqdim edir.

-Sizi süni intellekt və idrak elmləri sahəsinə yönəldən əsas maraq nə olub?

-Məni bu sahəyə yönəldən əsas motivasiya insanın necə düşündüyünü, qərar verdiyini və mürəkkəb problemləri necə həll etdiyini anlamaq istəyi olub. Süni intellekt mənim üçün sadəcə texnoloji alət deyil, insan idrakının mexanizmlərini daha dərindən başa düşmək üçün bir vasitədir. Xüsusilə insan davranışının arxasında duran məntiqi və məhdudiyyətləri riyazi və hesablama baxımından izah etmək marağım zamanla idrak elmlərinə doğru istiqamətlənib.

-Hazırda Edinburq Universitetində doktorantura tədqiqatı aparırsınız. Tədqiqatınızın əsas məqsədi və praktik əhəmiyyəti nədən ibarətdir?

-Doktorantura tədqiqatım insanın icraedici funksiyalarını real həyat ssenarilərində modelləşdirməyə yönəlib. Məqsədim insanın planlaşdırma, yaddaş, diqqət və qərarvermə proseslərini daha ekoloji və real mühitlərdə öyrənməkdir. Praktik baxımdan bu tədqiqatlar nevroloji pozuntuların daha obyektiv qiymətləndirilməsi, erkən diaqnostika və gələcəkdə fərdiləşdirilmiş reabilitasiya sistemlərinin qurulmasına töhfə verə bilər.

-Siz süni intellekti insan idrakı ilə əlaqələndirən modellər üzərində çalışırsınız. İnsan idrakını anlamaq üçün kompüter modellərini necə qurursunuz və bu modellər real beyin fəaliyyətini nə dərəcədə əks etdirə bilir?

-Bu modellər insan davranışından əldə olunan məlumatlar əsasında qurulur və qərarvermə prosesini addım-addım simulyasiya etməyə çalışır. Mən bu modelləri qurarkən psixologiya və neyroelmdə qəbul edilmiş nəzəriyyələri hesablama çərçivəsinə salıram. Modellər real beyinin bütün mürəkkəbliyini tam əks etdirməsə də, konkret idrak mexanizmlərini anlamaq üçün olduqca güclü izahedici imkanlar yaradır və insan davranışındakı nümunələri izah edə bilir.

-Sizcə, süni intellekt gələcəkdə nevroloji və psixi sağlamlıq problemlərinin diaqnostika və müalicəsində hansı rolu oynaya bilər?

-Düşünürəm ki, süni intellekt xüsusilə erkən diaqnostika və risk qiymətləndirilməsi sahəsində mühüm rol oynaya bilər. Davranış və neyron məlumatlarındakı incə dəyişiklikləri insan gözündən daha tez aşkar etmək mümkündür. Müalicə baxımından isə süni intellekt fərdiləşdirilmiş terapiya yanaşmalarının hazırlanmasına və xəstələrin vəziyyətinin dinamik izlənməsinə töhfə verə bilər.

-Həm də rəqəmsal bacarıqlar üzrə təlimçi kimi fəaliyyət göstərirsiniz. Bu barədə məlumat verə bilərsinizmi?

-Bəli, universitet mühitində və təlim proqramlarında rəqəmsal bacarıqlar üzrə təlimçi kimi çalışıram. Burada əsas məqsədim gənclərə proqramlaşdırma, məlumat analizi və süni intellektin əsaslarını praktik yanaşma ilə öyrətməkdir. Tədris mənim üçün təkcə bilik ötürmək deyil, düşünmə tərzini formalaşdırmaqdır.

-İnsan davranışını və qərarvermə prosesini modelləşdirən süni intellekt sistemləri nə dərəcədə etibarlı ola bilər?

-Bu sistemlər müəyyən şərtlər daxilində etibarlıdır. Onlar insan davranışının bütün tərəflərini deyil, konkret kontekstlərdəki qərar mexanizmlərini modelləşdirir. Əsas məsələ bu modellərin hansı suallara cavab vermək üçün qurulduğunu düzgün başa düşməkdir. Doğru istifadə edildikdə olduqca faydalı nəticələr verə bilir.

-Hazırda süni intellektin imkanları ilə bağlı cəmiyyətdə müəyyən qorxular mövcuddur. Sizcə, bu narahatlıqlar nə dərəcədə əsaslıdır?

-Bu qorxuların bir hissəsi əsaslıdır, bir hissəsi isə məlumatsızlıqdan qaynaqlanır. Süni intellekt düzgün tənzimlənmədikdə risklər yarada bilər. Eyni zamanda, bu texnologiya çox böyük sosial və tibbi faydalar təqdim edir. Məncə, əsas məsələ texnologiyanı qorxulu bir anlayış kimi deyil, məsuliyyətlə idarə olunan bir alət kimi görməkdir.

-Azərbaycanlı gənclərin süni intellekt və elmi-tədqiqat sahələrinə marağını necə qiymətləndirirsiniz və onlara nə tövsiyə edərdiniz?

-Azərbaycanlı gənclərin bu sahələrə marağı getdikcə artır və bu, çox sevindirici haldır. Onlara əsas tövsiyəm səbirli olmaq və fundamental biliklərə önəm verməkdir. Təkcə alətləri öyrənmək deyil, onların arxasında duran riyazi və məntiqi prinsipləri anlamaq uzunmüddətli uğur üçün vacibdir.

-Gələcək planlarınız nələrdir? Elmi fəaliyyətinizi daha çox akademik mühitdə, yoxsa real həyat tətbiqləri üzərində davam etdirməyi düşünürsünüz?

-Elmi fəaliyyətimi həm akademik mühitdə, həm də real həyat tətbiqləri ilə paralel şəkildə davam etdirməyi planlaşdırıram. Mənim üçün ideal yol elmi biliklərin real problemlərin həllinə çevrildiyi nöqtədə işləməkdir. Bu balansın qorunması həm elm, həm də cəmiyyət üçün ən faydalı yanaşmadır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
19
50
azertag.az

10Mənbələr