İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illik inflyasiya göstəricisi 2026-cı ildə 4,8 faiz, 2027-2029-cu illərdə isə illik orta hesabla 4,3 faiz səviyyəsində proqnozlaşdırılıb.
Bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış, 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilir.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi - manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması dəstəklənəcək. İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi bu il 3,4 faiz, 2027-2029-cu illərdə isə orta illik 3,7 faiz proqnozlaşdırılır. Gəlirlərin artımına uyğun olaraq əhalinin xərclərinin real artım tempi növbəti ildə 3,5 faiz, 2027-2029-cu illərdə isə orta illik 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.
Proqnozlara görə, əsas kapitala investisiyaların həcmi 2026-cı ildə 6,9 faiz, 2027–2029-cu illərdə isə orta illik 2,9 faiz, qeyri-neft-qaz sektorunda isə müvafiq olaraq 1,1 faiz və 4,8 faiz artacaq.