AZ

Azərbaycan üçün hərtərəfli tərəqqi və uğur ili - ŞƏRH

Bakı, 4 yanvar, AZƏRTAC

2025-ci il ölkəmiz üçün böyük uğurlarla yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın qarşısındakı xidmətləri, qlobal səyləri, qətiyyəti və digər yüksək şəxsi keyfiyyətləri ölkəmizin əldə olunan nailiyyətlərini təmin edən mühüm amillərdir. Ötən il ərzində Azərbaycanın hərtərəfli inkişafı davam edib. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində bu məqamları xüsusi vurğuladı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, ötən il bir sıra önəmli siyasi hadisələrlə də əlamətdar olub: "Belə ki, 2025-ci ildə Azərbaycan xalqı şanlı Zəfərin 5-ci ildönümünü qeyd edib. Bu Zəfər tariximizdə əbədi olaraq qalacaq. Bizim güclü ordumuz var və dövlətimiz ordumuzu daha da gücləndirmək üçün zəruri addımları atmaqda davam edir.

2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə mühüm siyasi uğurlar nümayiş etdirib. Azərbaycanın milli maraqlarının təmin olunması məqsədilə ölkəmiz dəyişən geosiyasi şəraitdə çevik, məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirərək ikitərəfli və çoxtərəfli münasibətlərində əməkdaşlıq mexanizmlərini gücləndirib, beynəlxalq səviyyədə nüfuzunu və təsir imkanlarını nəzərəçarpacaq dərəcədə artırıb. Xüsusilə Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin normallaşdırılması ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub.

2025-ci il avqustun 8-də Azərbaycan, Amerika Birləşmiş Ştatları (ABŞ) və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilmiş Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamə, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması və digər razılaşmalar bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib. Vaşinqton sammitində, həmçinin Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini nəzərdə tutan “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə razılıq əldə olunub. Eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanmasına nail olunub ki, bununla da, Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq gündəlikdən çıxarılması istiqamətində mühüm mərhələ tamamlanıb".

O qeyd edib ki, Azərbaycan 2026-cı ildə sülh prosesini daha da irəlilətmək məqsədilə ikitərəfli, birbaşa və prinsipial dialoqa sadiq qalacaq. Bu kontekstdə artıq paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyasının təmin edilməsi üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarının aradan qaldırılması, həmçinin TRIPP layihəsi üzrə maneəsiz əlaqənin təmin edilməsi ilə bağlı öhdəliklərin tam icrası xüsusi əhəmiyyət kəsb edir.

"2025-ci ildə Azərbaycan dünyada sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasına öz müsbət töhfəsini verib və bu çərçivədə müvafiq müraciətlərə uyğun olaraq bir sıra ölkələr arasında diplomatik vasitəçilik missiyalarını həyata keçirib.

Bundan əlavə, 2025-ci ildə Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü keçirilib və təşkilatda sədrlik Qırğızıstandan Azərbaycana keçib. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyimiz, Qoşulmama Hərəkatı (QH) üzrə Troyka üzvü kimi fəaliyyətimiz, eləcə də milli qisimdə Hərəkat daxilində fəal işlər uğurla davam etdirilib. İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Xankəndidə keçirilmiş 17-ci Zirvə görüşü zamanı da uğurlu nəticələr əldə olunub. Bununla yanaşı, ölkəmizdə İƏT Həftəsi təşkil edilib, Təmiz Enerji Mərkəzi təsis edilərək fəaliyyətə başlayıb.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən D-8 Həftəsi çərçivəsində komissarların qeyri-rəsmi iclası, iqlim və şəhərsalma üzrə nazirlər dialoqu, D-8 Media Forumu, eləcə də D-8 Gənclər Dialoqu təşkil olunub. Təşkilatın strateji sənədlərində əks olunan prioritetlərə uyğun olaraq D-8 Enerji və İqlim Mərkəzi, D-8 Nəqliyyat Mükəmməllik Mərkəzi və D-8 Media Mərkəzinin Azərbaycanda yaradılması barədə razılıq əldə edilib",- deyə S. Vəliyev vurğulayıb.

Deputat əlavə edib ki, 2025-ci ildə Azərbaycanda keçmiş məcburi köçkünlərin öz yurdlarına "Böyük Qayıdış" prosesi davam etdirilib. Ötən dövr ərzində azad olunmuş ərazilərin bərpası üçün dövlət büdcəsindən 25 milyard manat vəsait ayrılıb ki, bunun da 3 milyard 500 milyon manatı 2026-cı il üçün nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzurda görülən işlər ən yüksək səviyyədə həyata keçirilir. Dövlətimizin başçısının vurğuladığı kimi, artıq azad olunmuş ərazilərdə 70 minə yaxın insan yaşayır.

Müsahibimiz qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını şərtləndirən əsas amillərdən biri də ölkənin güclü iqtisadiyyata malik olmasıdır. Güclü iqtisadiyyat Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasının təminatçısı, ölkəmizin regionda və dünyada söz sahibi, qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olmasının açarıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyat və sosial həyat sahələrində əldə olunmuş uğurlar Azərbaycanın 2025-ci ildəki inkişaf salnaməsinin parlaq səhifələrindən biridir. Dövlətimizin başçısının dediyi kimi, ötən il ölkəmizin xarici borcu ümumi daxili məhsulun 6,3 faizini təşkil edib. Valyuta ehtiyatlarımız isə 80 milyard ABŞ dollarından çoxdur.

Sosial sahəyə gəldikdə, əhalinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. Bütün bunlar sübut edir ki, Azərbaycanın iqtisadi inkişaf modeli artıq dünyada özünü təsdiqləyib. Azərbaycan öz resurslarına arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurub və heç kimdən asılı deyil. İqtisadi müstəqillik təbii olaraq ölkəmizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırıb və bundan sonra da qazandıracaq.

“Beləliklə, 2025-ci il Azərbaycan üçün Prezident İlham Əliyevin liderliyi ilə hərtərəfli tərəqqi və uğur ili kimi tarixə yazılıb. Ölkə daxilində sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər, beynəlxalq arenada artan nüfuz və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın inkişaf modelinin səmərəliliyini bir daha nümayiş etdirib. Bütün bunlar qarşıdakı dövrdə də parlaq nailiyyətlər qazanacağımızı şərtləndirir”, – deyə deputat vurğulayıb.

Seçilən
61
50
azertag.az

10Mənbələr