AZ

Azərbaycan üçün 2026 gözləntiləri: Deputatlar qarşıdakı ilin prioritetlərini dəyərləndirdi

Azərbaycanın daxili və xarici siyasətində baş verən mühüm proseslər fonunda qarşıdakı illə bağlı gözləntilər də maraq doğurur. Sosial-iqtisadi inkişaf, beynəlxalq nüfuzun möhkəmlənməsi və regional sülh gündəliyi 2026-cı il üçün əsas müzakirə mövzularındandır. Editor.az millət vəkillərinə 2026-cı ildən gözləntilərini soruşub.

Milli Məclisin deputatı Könül Nurullayeva Editor.az-a bildirib ki, 2026-cı ilin Azərbaycan üçün uğurlu il olacağına inanır:

“Son beş ildə münaqişənin başa çatması ilə regionda tamamilə yeni reallıq yaranıb. Azərbaycan işğaldan azad etdiyi əraziləri bərpa edir, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Gələn il də bu prosesin plan üzrə davam edəcəyi gözlənilir.

2025-ci ildə Azərbaycan beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirib, diplomatik təmsilçiliyini genişləndirib. Rəsmi Bakı tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, beynəlxalq iqtisadi əməkdaşlıq və vasitəçilik səyləri ölkəmizin nüfuzunun artmasına mühüm töhfə verib. Hesab edirəm ki, 2026-cı ildə də bu pozitiv dinamikanı müşahidə edəcəyik.

Azərbaycan–Ermənistan sülh müqaviləsi ilə bağlı müsbət dinamika gözləyirik. Ümid edirik ki, Ermənistan məsuliyyətini artıracaq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək və nəhayət, yekun sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq. Həmçinin Zəngəzur dəhlizi ilə bağlı prosesin sürətlənəcəyini gözləyirik. Bütün məsələlər plan üzrə getsə, TRİPP marşrutu çərçivəsində də real işlərin həyata keçirildiyini görə biləcəyik”.

Millət vəkili eyni zamanda qeyd edib ki, 2026-cı ilin may ayında Azərbaycan daha bir mühüm qlobal platformaya — BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək:

“‘Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri’ mövzusunda keçiriləcək bu qlobal əhəmiyyətli tədbir Azərbaycanın beynəlxalq nüfuzunun, xüsusilə dayanıqlı inkişaf və şəhərsalma sahəsində artan rolunun göstəricisidir. Şəhərsalma və Memarlıq ili çərçivəsində də bu sahə ilə bağlı mühüm və uğurlu addımlar atılacaq. COP29 təcrübəsinə əsaslanaraq, Azərbaycanın bu beynəlxalq tədbirə də uğurla ev sahibliyi edəcəyinə əminəm”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə Editor.az-a bildirib ki, 2025-ci il Azərbaycan tarixinə mühüm nailiyyətlər və xüsusi uğurlarla daxil olub:

“2025-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Bütün sahələrdə inkişafın əsasını təşkil edən iqtisadi tərəqqi açıq şəkildə görünür. İqtisadiyyatımızın inkişafı müdafiə gücümüzün artırılması istiqamətində atılan addımlarda da öz bəhrəsini verib.

Hazırda dünyada baş verən hadisələrə nəzər salsaq, yeni müharibələrin, qarşıdurmaların və alovlanan münaqişələrin şahidi olarıq. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan xalqı isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Ölkəmiz dünyada sabit və təhlükəsiz ölkə kimi tanınır və nüfuz qazanır.

Bu mühüm amil Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli münasibətlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafında, həmçinin ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin miqyasında öz aydın ifadəsini tapır. Ötən il eyni zamanda Azərbaycanın milli maraq və mənafelərinin qətiyyətlə təmin olunduğu dövr kimi yadda qalıb.”

M.Cəfərovun sözlərinə görə, 2026-cı ildə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənəcək, söz sahibliyi artacaq:

“2025-ci il ərzində Azərbaycan bir sıra mühüm qlobal nailiyyətlərə imza atıb. Beynəlxalq aləmdə gərginliyin hökm sürdüyü bir dövrdə ölkəmizdə sabitliyin qorunması dövlətimizin və xalqımızın ən böyük uğurlarından biridir. Çünki əldə olunan bütün nailiyyətlərin təməlində məhz sabitlik dayanır.

2026-cı il də Azərbaycan üçün əlamətdar hadisələrlə və uğurlarla zəngin olacaq. Hər bir sahədə inkişaf və irəliləyişin əldə olunacağı şübhəsizdir. Eyni zamanda dövlətimizin qarşılaşdığı ən ağır problemlər artıq geridə qalıb — torpaqlarımız işğaldan azad edilib, ərazilərimizdə erməni separatçılığına son qoyulub.

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrlərindən birini yaşayan Azərbaycan bundan sonra da möhtəşəm nailiyyətlərə imza atacaq, inkişaf və yüksəliş yolu ilə gələcəyə doğru inamla addımlayacaq.”

//Gülnarə Abasova, Editor.az

Seçilən
116
50
editor.az

10Mənbələr