Bakı, 3 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti, düşünürəm ki, xüsusi təhlil tələb edir. Zəfərimizin beşinci ildönümü ərəfəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin keçdiyimiz tarixi yola bir daha nəzər salaraq, 30 illik erməni işğalına son qoymağımızı həm ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, həm də milli ləyaqətimizin dirçəldilməsi kimi xarakterizə etdi. Bu baxımdan təsadüfi deyil ki, müraciət xalq–iqtidar birliyinin vurğulanması ilə başladı.
Çünki dünyada gedən mövcud proseslər, siyasi təlatümlər və iqtisadi kataklizmlər fonunda xalq–iqtidar birliyi hər bir ölkənin nail ola bilmədiyi olduqca kövrək bir məsələdir. Azərbaycanda isə bu birlik möhkəm əsaslar üzərində qurulub və məhz həmin əsaslar bizi bugünkü reallığa gətirib çıxarıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.
O bildirib ki, dünyada inkarolunmaz və sürətlə gedən proseslər müşahidə olunur. Bu reallıq silahlanma yarışının dərinləşməsi ilə xarakterizə edilir. Paralel olaraq, mütəxəssis çatışmazlığı, iqtisadi əlaqələrin qırılması, əsas səriştə və texnologiyaların itirilməsi müdafiə sənayesinin üzləşdiyi ciddi sınaqlardandır. Belə bir şəraitdə Azərbaycan son dərəcə sayıq və unikal yanaşma nümayiş etdirir. Bir tərəfdən sülh gündəliyini irəli sürürüksə, digər tərəfdən dünyanın diktə etdiyi reallıqlardan da kənarda qala bilmərik.
"Dövlətimizin başçısı dünya siyasətini dərindən dərk edən Lider kimi mövcud prosesləri nəzərə alaraq Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması istiqamətində məqsədyönlü addımlar atır və mühüm qərarlar qəbul edir. Azərbaycanın müdafiə sənayesi gücləndirilir, idxalla yanaşı, yerli istehsal da inkişaf etdirilir. Təəssüf ki, beynəlxalq hüquq normaları bir çox hallarda işləmir. “Kim güclüdür, o haqlıdır” prinsipi artıq demək olar ki, norma halını alıb. Bu reallıqlar kontekstində Azərbaycan özünü qorumaq və daha da gücləndirmək üçün zəruri addımlar atır, xalqı istənilən ssenariyə hazır olmağa çağırır.
Dövlətimizin başçısı Qələbəmizi şərtləndirən amilləri bir daha xatırladaraq xalqımızın birliyini və mərd oğullarımızın qəhrəmanlığını xüsusi vurğuladı. Bu yanaşma Azərbaycan cəmiyyəti tərəfindən yüksək dəyərləndirilir. Çünki Zəfərdən sonra da Prezident İlham Əliyev yorulmadan fəaliyyətini davam etdirdi. Biz bu Zəfəri beynəlxalq və siyasi müstəvidə təsdiqləməli idik və buna nail olduq.
Bu gün artıq bütün dünya Azərbaycanın Zəfərini qəbul edir.
ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilib. Bu, hər bir azərbaycanlının illərlə arzuladığı bir reallıq idi. Müzəffər Ali Baş Komandan bu arzunu gerçəyə çevirdi.
Azərbaycan elə bir siyasət yürüdüb ki, Cənubi Qafqazı çirkli geosiyasi oyunlardan təmizləyir və bölgəyə sülh gətirir. Biz ərazi bütövlüyümüzü bərpa edərkən BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslandıq. Çünki Azərbaycanın zəifləməsini istəyən qüvvələrin mövcudluğunu yaxşı bilirdik.
Bu gün məğlub olmuş Ermənistana sülh müqaviləsi təqdim ediriksə, bu, xalqımızın böyüklüyünün və dövlət başçımızın müdrik siyasətinin göstəricisidir. Ən önəmlisi isə bu Şanlı Zəfərə heç kimin hesabına deyil, öz gücümüzlə nail olduq. Biz döyüş meydanında qan tökdük, oğullarımızı şəhid verdik ki, torpaqlarımız azad olunsun, suverenliyimiz və milli ləyaqətimiz bərpa edilsin. Dünyanın ən mötəbər siyasi məkanlarından biri olan ABŞ-da bu reallıqları rəsmiləşdirdik",- deyə A. Badamov vurğulayıb.
Deputatın sözlərinə görə, Azərbaycan bu gün təkcə xarici siyasətdə deyil, daxili inkişafda da böyük uğurlara imza atır. Qarabağ və Şərqi Zəngəzur öz gücümüz və resurslarımız hesabına bərpa olunur. İnkişaf konsepsiyası yalnız bu bölgələrlə məhdudlaşmır: ölkənin bütün regionlarında inkişaf göz qabağındadır. Beynəlxalq aktorlar Azərbaycanla əməkdaşlıq etməyə can atırlar. D-8 təşkilatına üzvlük də bu etimadın bariz göstəricisidir.
Azərbaycan Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasında tamhüquqlu üzvdür və yürütdüyü siyasətlə Cənubi Qafqazı regional siyasi mərkəzə çevirir. Vaxtilə məkirli planların mərkəzi olan Xankəndidə bu gün beynəlxalq zirvə toplantıları keçirilir.
Azərbaycan bərabərhüquqlu tərəfdaşlığın müdafiəçisidir.
İqtisadi gücümüz, enerji siyasətimiz, coğrafi mövqeyimiz və nəqliyyat imkanlarımızdan praqmatik istifadə heç kəsə bizə diktə etməyə imkan vermir.
Bütün çətinliklərə baxmayaraq, valyuta ehtiyatlarımızın 80 milyard dollardan artıq olması, xarici borcun ÜDM-in cəmi 6,3 faizini təşkil etməsi yürüdülən siyasətin uğurudur. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 16 dəfə üstələyir və bu göstəricilər beynəlxalq reytinq agentlikləri tərəfindən də təsdiqlənir.
"Böyük Qayıdış" proqramı uğurla icra olunur. Artıq 70 minə yaxın insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, çalışır və təhsil alır. Dövlət və xalq birliyi bu prosesin əsas dayağıdır.
"Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi mühüm mesajlardan biri də bütün dünyada yaşayan azərbaycanlılara ünvanlanmış çağırış idi. Bildirildi ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bilməlidir: onun arxasında güclü Azərbaycan dövləti dayanır.
Dövlətimizin başçısı hər bir azərbaycanlının taleyini dəyərləndirir. Ortaq tarix, dil, mədəniyyət və milli kimlik bizi birləşdirir. Bu kimliklə fəxr etmək hər birimizin borcudur. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bilməlidir ki, onun Ana vətəni müstəqil Azərbaycan dövlətidir.
Bu çıxış həm hesabat, həm proqram xarakterli olmaqla yanaşı, milli ləyaqətimizin və milli kimliyimizin qorunması baxımından tarixi və qürurverici bir müraciət idi",- deyə o əlavə edib.