Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Qobustan–Şamaxı istiqamətindən keçən hissəsində buzlaşma ucbatından yaranan çətinliklər aradan qaldırılıb.
"Yeni Sabah" xəbər verir ki, yolun Ağsu ərazisindən keçən aşırımlarında müvafiq işlər görülüb, yollar təmizlənsə də, bəzi sərt döngə və enişli-yoxuşlu sahələrdə hələ də buzlaşma müşahidə olunur. Amma avtomobillərin hərəkəti hər iki istiqamətdə bərpa edilib.
Muğanlı-İsmayıllı avtomobil yolunda da qar səbəbindən yaranan çətinliklər tam aradan qaldırılıb. Yol örtüyünə qum və duz qarışığı səpilib, hazırda nəqliyyat vasitələrinin hərəkəti normal şəkildə davam edir.
Sözügedən yollarda avtomobil qəzaları qeydə alınsa da, ölən və ya ağır xəsarət alan olmayıb.
Hazırda bölgədə qarın fasilələrlə yağması davam edir. Axşam və gecə saatlarında yolların yenidən buz bağlama ehtimalı nəzərə alınaraq sürücülərə paytaxtdan şimal-qərb istiqamətində və əks istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə olunur.
Telegram kanalımız