Soyuq aylarda bir çox insan dincəlmək, günəşli hava və fərqli mədəni mühitlə tanış olmaq üçün səyahət planları qurur. Qış mövsümündə ölkə daxilində və ya xaricdə istirahətə üstünlük verənlərin sayı artır.
Xüsusilə viza prosedurlarının asanlığı, uçuş məsafəsi və ümumi xərclər seçimlərə ciddi təsir göstərir. Bəs soyuq aylarda insanlar ölkə olaraq ən çox hara səyahət edirlər? Hansı ölkələrə getmək daha münasib qiymətə başa gəlir və bu seçimlərdə əsas meyarlar nələrdir?
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu dövrdə bəzi istiqamətlərə səfər etmək daha rahat sayılır:
“Çünki viza prosedurları asan olur, uçuşlar əlverişli qiymətə başa gəlir və ümumi nəqliyyat xərcləri münasibdir. Məhz buna görə də insanlar bu cür ölkələrə daha çox üz tutur. Lakin səyahətin baş tutması üçün əsas şərtlərdən biri insanların asudə vaxtının olmasıdır. Əgər işdən kənar boş vaxt olmazsa, səfər etmək də mümkün deyil. Bu baxımdan insanlar əsasən tətil günlərində, qeyri-iş günlərində və həftə sonlarında səyahətlərini planlaşdırırlar. Hazırda Yeni il ərəfəsində bir neçə gün ardıcıl qeyri-iş və istirahət günü olduğu üçün səfərlərin sayı da artıb. İnsanlar bu günləri dəyərləndirərək müxtəlif istiqamətlərə səyahət edirlər”.
Ekspert vurğulayıb ki, bu tendensiya həm ölkə daxilində, həm də ölkə xaricində səfərlərə aiddir:
“Demək olar ki, bu proses konkret olaraq qış və ya yay fəslindən çox, məhz tətil günləri ilə bağlıdır. İnsanlar imkanlarına və fəsilə uyğun olaraq qış turizmi növlərindən istifadə edir, yay aylarında isə çimərlik istirahətinə üstünlük verirlər. Müasir şərait imkan verir ki, qışda isti ölkələrə gedərək yayı yaşamaq, yayda isə daha sərin bölgələrdə qışı hiss etmək mümkün olsun. Bu da əsasən uçuş məsafəsi və coğrafi mövqedən asılıdır”.
“Hazırkı qeyri-iş və bayram günlərində ölkə daxilində insanlar müxtəlif rayonlara səfər edərək istirahət edir, bayram günlərini səmərəli şəkildə dəyərləndirirlər. Ölkə xaricində isə daha çox qonşu ölkələrin turistik şəhərləri populyarlıq qazanır. Xüsusilə İstanbul, Tbilisi, Dubay və Doha bu dövrdə ən çox seçilən istiqamətlərdəndir”, - deyə C.Aşurov açıqlayıb.
Həmçinin, əlavə edib ki, bu şəhərlərə təşkil olunan 4–5 günlük turlar adətən uçuş daxil olmaqla təxminən 1000 dollara qədər başa gəlir:
“Eyni zamanda 6–7 günlük turlar da mövcuddur ki, onların qiyməti 500–1000 dollar aralığında dəyişir. Hazırda Misirə turlar da kifayət qədər populyardır. Burada “hər şey daxil” sistemi tətbiq olunur və insanlar həm yerləşmə, həm də qidalanma baxımından rahat istirahət edə bilirlər. Daha uzaq istiqamətlərə – Maldiv adaları, Şri-Lanka və bu kimi ölkələrə təşkil olunan turların qiyməti isə təxminən 2000 dollardan başlayır. Hazırda turistlər arasında ən çox maraq göstərilən və populyar sayılan istiqamətlər əsasən bunlardır”.
Aytac Əliyeva
Telegram kanalımız