Tarif (Qiymət) Şurasının qərarı ilə Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının qiyməti artırılıb. Aİ-92 benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə qaldırılıb.
Bəs, bu artım ictimai nəqliyyatda gediş haqqının artırılmasına yol açacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, yanvarın 1-dən benzin və dizelin qiymətinin 5 qəpik artırılması ilə bağlı hazırda ictimai nəqliyyatda gediş haqqının artırılacağı barədə rəsmi qərar və ya açıqlama yoxdur:

"Yanacağın bahalaşması nəqliyyat xərclərinə müəyyən təsir göstərir və bu, qiymət artımına təzyiq kimi qiymətləndirilə bilər. Amma bu, avtomatik olaraq gediş haqqının artacağı demək deyil. İctimai nəqliyyat tarifləri yalnız aidiyyəti qurumların qərarı ilə dəyişdirilir. Hazırda sərnişinlər üçün qiymətlərin yenidən artırılması ilə bağlı konkret məlumat yoxdur".
Nuriyyə NATİQQIZI