AZ

Dünya çempionunun törətdiyi qəzada ölənlər məşqçiləri olub

BAKI, 30 dekabr. TELEQRAF

Keçmiş dünya çempionu, britaniyalı boksçu Entoni Coşuanın iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində həlak olan iki nəfərin onun məşqçiləri olduğu açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Coşua ilə əməkdaşlıq edən Britaniyanın “Matchroom Boxing” promouter şirkətinin mətbuat xidməti məlumat yayıb.

Qəza nəticəsində Sina Qami və Latif Adoiyele həyatını itirib. Onlar Coşua ilə güc məşqləri və ümumi fiziki hazırlıq üzrə çalışır, eyni zamanda boksçunun yaxın dostları olublar. Məlumata görə, Coşua və məşqçiləri 19 dekabrda amerikalı Ceyk Pol üzərində altıncı raundda nokautla qazandığı qələbədən sonra istirahət məqsədilə bazar günü Nigeriyaya səfər ediblər.

Hadisə dekabrın 29-da Nigeriyanın Oqun ştatının Makun şəhərində, Laqos–İbadan avtomagistralında baş verib. Entoni Coşuanın olduğu avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə olan yük maşınına çırpılıb. Qəza zamanı iki sərnişin ölüb.

Entoni Coşua yüngül xəsarətlər alıb və sürücü ilə birlikdə xəstəxanaya çatdırılıb. Promouter şirkətin məlumatına görə, idmançının vəziyyəti stabildir və o, tibbi müayinələrdən keçirilir. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, Entoni Coşua 36 yaşındadır. Onun peşəkar karyerasında 29 qələbə (26-sı nokautla) və 4 məğlubiyyət var. O, son döyüşünü 19 dekabrda keçirərək amerikalı Ceyk Polu nokautla məğlub edib.

2024-cü ilin sentyabrında isə Coşua britaniyalı Daniel Dyubuaya uduzaraq Beynəlxalq Boks Federasiyasının (IBF) dünya çempionu kəmərini qazana bilməyib. Bundan əvvəl o, ukraynalı Aleksandr Usiklə iki döyüşdə məğlub olmuş və WBA, WBO və IBF versiyaları üzrə çempionluq titullarını itirmişdi.

Seçilən
41
11
teleqraf.com

10Mənbələr