AZ

Türkiyə ilə Azərbaycan arasında miqrasiya siyasəti sahəsində təcrübə mübadiləsi üçün qarşılıqlı potensial mövcuddur - MÜSAHİBƏ

Bakı, 29 dekabr, Tamilla Məmmədova, AZƏRTAC

Son illərdə Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarında miqrasiya məsələləri xüsusi əhəmiyyət kəsb edib. Bu məkanlarda tarixi, etnik və iqtisadi amillər mürəkkəb və çoxsəviyyəli miqrasiya proseslərini formalaşdırır. Ortaq tarixi-mədəni bağlara, strateji geosiyasi mövqeyə malik olan Türkiyə və Azərbaycan miqrasiyanın tədqiqi, idarə olunması sahəsində fərqli yanaşmalar nümayiş etdirir.

AZƏRTAC-ın suallarını türkoloq, Yaxın Şərq və Qafqazın türk etnik qrupları üzrə mütəxəssisi, İstanbul Universitetinin elmlər doktoru, Direktorlar Şurasının sədri, Topkapı Universitetinin müəllimi, Miqrasiya Siyasətinin Tədqiqatı və Tətbiqi Mərkəzinin rəhbəri, Balkan Tarix Assosiasiyasının (Rumıniya) üzvü Venera Mustafayeva cavablandırıb.

— Türkiyə və Azərbaycanda miqrasiyanın öyrənilməsinə dair akademik yanaşmalar arasında hansı struktur fərqlər mövcuddur?

— Türkiyə və Azərbaycanda akademik yanaşmalar arasında açıq və sistemli struktur fərqlər mövcuddur. Türkiyədə miqrasiya sahəsində tədqiqatlar ölkənin uzun müddət ərzində çoxsəviyyəli və çoxölçülü miqrasiya rejiminə malik olması faktının təsiri altında formalaşıb. Bu səbəbdən Türkiyədə miqrasiya araşdırmaları əsasən məcburi miqrasiya, sığınacaq verilməsi, inteqrasiya prosesləri, sosial adaptasiya və təhlükəsizlik məsələləri üzərində cəmlənir. Xüsusilə 2011-ci ildən sonra suriyalı qaçqınların qəbulu təcrübəsinin nəticəsi olaraq, Türkiyədə akademik ədəbiyyat aydın normativ və dövlət siyasətinə yönəlmiş xarakter alıb ki, bu da həm tədqiqat prioritetlərinə, həm də metodoloji yanaşmalara təsir göstərib. Nəticədə, Türkiyədə miqrasiya daha çox idarəetmə və böhranlara reaksiya vermə problemi kimi qəbul edilir, Azərbaycanda isə ilk növbədə sosial-iqtisadi inkişafın və demoqrafik idarəetmənin aləti kimi nəzərdən keçirilir.

— Bu kontekstdə son 10–15 ildə Azərbaycan ilə Türkiyə arasında miqrasiya axınları necə səciyyələndirilir?

— Son 10–15 ilin miqrasiya proseslərinin təhlili kontekstində Azərbaycan ilə Türkiyə arasında miqrasiya mobilliyi kəmiyyət baxımından məhdud, eyni zamanda dayanıqlı, sabit və selektiv xarakter daşıyır. Bu mobillik kütləvi və ya stixiyalı xarakter daşımır, aydın şəkildə müəyyənləşdirilmiş və nisbətən sabit hərəkət kanalları çərçivəsində formalaşır. İki ölkə arasında miqrasiya hərəkətləri əsasən təhsil miqrasiyası, xidmət və ticarət sahələrində məşğulluq, enerji və infrastruktur layihələrində iştirak, həmçinin ailələrin birləşməsi mexanizmləri vasitəsilə həyata keçirilir. Bu xüsusiyyətlər nəzərə alınmaqla qeyd olunan miqrasiya proseslərini genişmiqyaslı əmək miqrasiyası kimi deyil, Azərbaycan ilə Türkiyə arasında formalaşmış “xüsusi miqrasiya dəhlizi”nin mövcudluğu kimi səciyyələndirmək daha məqsədəuyğundur. Həmin dəhlizin formalaşması iki dövlət arasında mövcud olan institusional, mədəni və hüquqi sadələşdirmə və imtiyazların məcmusu sayəsində mümkün olub. Bu miqrasiya dəhlizinin əsas fərqləndirici cəhətləri qeyri-müntəzəm miqrasiyanın aşağı səviyyəsi, miqrantların onları qəbul edən cəmiyyətdə mədəni adaptasiya qabiliyyətinin yüksək olması, eləcə də uzunmüddətli və daimi köçmədən daha çox müvəqqəti və orta müddətli mobillik formalarının üstünlük təşkil etməsidir.

— Azərbaycan Türkiyənin miqrasiya siyasətindən hansı nəticə və dərsləri çıxara bilər və qarşılıqlı öyrənmə necə təzahür edir?

— Türkiyənin təcrübəsi Azərbaycan üçün bir sıra konkret istiqamətlər üzrə xüsusilə cəlbedici ola bilər. Bunlara ilk növbədə miqrasiyanın idarə olunması və institusionallaşdırılması məsələləri, o cümlədən səlahiyyətləri dəqiq müəyyənləşdirilmiş, mərkəzləşdirilmiş inzibati strukturun və ixtisaslaşmış dövlət institutlarının mövcudluğu daxildir.

Bundan əlavə, genişmiqyaslı miqrasiya böhranlarına cavabvermə potensialı, miqrasiya məlumatlarının idarə olunması və rəqəmsal sistemlərin inkişaf etmiş mexanizmləri, eləcə də beynəlxalq təşkilatlarla çoxsəviyyəli əməkdaşlıq təcrübəsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan yanaşması da bir sıra istiqamətlər üzrə Türkiyə üçün maraq doğurur. Bunlara dövlət siyasəti çərçivəsində miqrasiyanın preventiv və planlı şəkildə dərk edilməsi, diaspor siyasətinin, geri dönüş miqrasiyasının və milli kimlik siyasətinin inteqrasiyası, habelə miqrasiya proseslərinin idarə olunmasının milli təhlükəsizlik və iqtisadi planlaşdırma prioritetləri ilə uzlaşdırılması daxildir. Beləliklə, Türkiyə ilə Azərbaycan arasında miqrasiya siyasəti sahəsində asimmetrik, lakin qarşılıqlı tamamlayıcı öyrənmə və təcrübə mübadiləsi potensialı mövcuddur.

— Miqrasiya sahəsində Bakı ilə Ankara arasında institusional əməkdaşlıq necə qiymətləndirilir və Azərbaycanın Türk dünyasında yeri nədən ibarətdir?

— Türkiyə ilə Azərbaycan arasında miqrasiya sahəsində həqiqətən institusional əməkdaşlıq mövcuddur, lakin bu qarşılıqlı fəaliyyət əsasən təhlükəsizlik məsələlərinə yönəlmiş ikitərəfli mexanizmlər və alətlərlə məhdudlaşır. İki ölkə arasında birgə strateji sənədlər, kompleks inteqrasiya siyasətləri və ya razılaşdırılmış əmək mobilliyi çərçivələri hazırda kifayət qədər inkişaf etməyib. Geosiyasi mövqeyi baxımından Azərbaycan Qafqaz–Mərkəzi Asiya–Anadolu oxunda tranzit və əlaqələndirici dövlət kimi ciddi potensiala malikdir. Bu kontekstdə Azərbaycan Türk dünyasında miqrasiya və mobillik üçün potensial mərkəz kimi nəzərdən keçirilə bilər. Lakin bu potensialın institusionallaşdırılması üçün çoxtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi və inkişaf etdirilməsi zəruridir.

— Miqrasiya siyasəti sahəsində Türk Dövlətləri Təşkilatı hansı potensial rolu oynaya bilər?

— Türk Dövlətləri Təşkilatı miqrasiya siyasəti sahəsində hələ institusional inkişafın ilkin mərhələsində olsa da, regional miqrasiya idarəçiliyinin formalaşdırılması üçün mühüm platforma təqdim edir. Xüsusilə, Türk Dövlətləri Təşkilatı qanuni və nəzarət olunan əmək mobilliyi çərçivələrinin hazırlanması, peşə ixtisaslarının və diplomların qarşılıqlı tanınması, vahid miqrasiya informasiya-analitik infrastrukturunun yaradılması, qeyri-müntəzəm miqrasiya və insan alverinə qarşı əlaqələndirilmiş mübarizə, eləcə də tədqiqatçıları və siyasi qərar qəbul edən şəxsləri birləşdirən akademik və ekspert şəbəkələrinin institusionallaşdırılması kimi istiqamətlərdə funksional ola bilər.

— Türkiyənin türk mənşəli xarici vətəndaşlarla bağlı yeni qanunvericilik təşəbbüsləri necə şərh edilməlidir?

— Bu yanaşma Türkiyənin miqrasiya siyasətində etnomədəni yaxınlıq prinsipinə əsaslanan selektiv miqrasiya anlayışının hüquqi ifadəsidir. Bu, Türkiyənin əmək bazarı siyasəti çərçivəsində türk mənşəli xarici vətəndaşları sosial, mədəni və institusional adaptasiya qabiliyyəti yüksək olan insan resursu kimi nəzərdən keçirdiyini göstərir. Daha geniş kontekstdə isə türk soydaşlara yönəlmiş hüquqi normalar Türkiyənin Türk dünyasına istiqamətlənmiş regional baxışının və uzunmüddətli regional mobillik strategiyasının formalaşdırılmasına xidmət edən hüquqi alətlərdən birinə çevrilib.

 

Seçilən
70
12
azertag.az

9Mənbələr