AZ

Asəf Salmanov: Birlik, həmrəylik bizi yeni-yeni zəfərlərə aparır



Dünya miqyasında birlik və bərabərlik simvoluna çevrilən, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Günü xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzinə çevrilib. 31 dekabr tarixi təkcə Azərbaycan xalqının birliyini deyil, həm də dünya azərbaycanlılarının milli kimliklərini qorumaq və yaşatmaq üçün xüsusi bir tarixi gündür. Həqiqətən də 31 dekabr dünya miqyasında yaşayan milyonlarla azərbaycanlını bir araya gətirən, onların ortaq mədəni və mənəvi bağlarını gücləndirən mühüm bir gündür.
1991-ci ildən başlayaraq hər il dekabr ayının son günü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Qeyd olunmalıdır ki, həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır.
Hər kəsə yaxşı məlumdur ki, 31 dekabr tarixinin rəsmiləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə qərar qəbul etdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir.
2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayı dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”- söyləyən Müdrik Rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra dünya azərbaycanlılarının arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində daha məqsədyönlü işlər aparılmışdır. Diasporla İş üzrə Dövlət komitəsi Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə əlaqələndirilməsində, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunmasında, bu sahədə mövcud problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Azərbaycanlıların həmrəyliyi, birliyi yönümündə həyata keçirilən bu və ya digər tədbirlər artıq öz səmərəsini verir. Belə ki, Azərbaycan diasporu beynəlxalq aləmdə milli maraqlarımızın təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında böyük təsir gücünə malik bir qüvvəyə çevrilmişdir.

Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. “Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.

Ümummilli Liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirən, tarixi qələbələrə imza atan, müstəqil, suveren Azərbaycanı dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxaran Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi Azərbaycanın beynəlxalq mövqeləri dünyada daha da möhkəmlənir, nüfuzu gündən-günə yüksəlir. Bu gün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək yeni zirvələrə doğru inamla addımlayır. Əminliklə söyləyə bilərik ki, bu birlik, bu həmrəylik bizi yeni-yeni zəfərlərə aparır.

Asəf Salmanov
YAP Qazax rayon təşkilatının əməkdaşı



Seçilən
32
3
aia.az

10Mənbələr