"Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu ilin dekabr ayının sonlarında Naxçıvanda baş verən tarixi hadisələrlə qoyulmuşdur". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Həmin günlərdə SSRİ–İran sərhədlərinin dağılması, Şimali və Cənubi Azərbaycanı süni şəkildə ayıran sərhəd dirəklərinin xalqın iradəsi ilə sökülməsi milli oyanışın, azadlıq və birlik istəyinin parlaq təzahürü idi. Bu hadisə onilliklər boyu bir-birindən ayrı salınmış soydaşlarımızın qəlbində yaşayan həmrəylik arzusunun real ifadəsinə çevrildi.
1989-cu ilin noyabr ayında keçirilən Məclis isə xalqın bu iradəsini siyasi müstəvidə bir daha təsdiqlədi. Məclisdə qəbul olunan qərarda Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrinin bərpa olunması məqsədilə sərhəd çəpərlərinin götürülməsi, mühəndis-texniki qurğuların sökülməsi zərurəti xüsusi vurğulandı. Bu addım Azərbaycan xalqının milli birlik yolunda atdığı cəsur və tarixi addım kimi yadda qaldı.
Milli həmrəyliyin dövlət siyasətinə çevrilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci il noyabrın 9–10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı dünya azərbaycanlılarının bir araya gəlməsi baxımından mühüm tarixi hadisə oldu. Qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın problemlərinin müzakirə olunduğu, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi mühüm platformaya çevrildi.
Qurultayda dərin məzmunlu və tarixi əhəmiyyət daşıyan nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsinin vacibliyini xüsusi vurğuladı. O, Azərbaycan dövləti ilə dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmləndirilməsinin, ana dilimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin strateji əhəmiyyət daşıdığını qeyd etdi. Ulu öndərin səsləndirdiyi “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı bu gün hər bir azərbaycanlının milli qürur simvoluna çevrilmişdir.
Bu gün dünyada sayı 40 milyondan artıq olan azərbaycanlılar üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sadəcə təqvim günü deyil, milli birlik, ortaq yaddaş, ümumi taleyin və milli düşüncənin bayramıdır. Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, öz kimliyini, azərbaycanlı olmağın qürurunu, milli-mənəvi dəyərlərə bağlılığını bir daha xatırlayır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü eyni zamanda soydaşlarımızı daha sıx birləşməyə, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə birgə fəaliyyət göstərməyə səsləyir. Bu həmrəylik Azərbaycan xalqının gücünün, birliyinin və gələcəyə inamının ən parlaq ifadəsidir".