AZ

“Sülh danışılır, müharibə davam edir” – proses niyə dalana dirənib?

Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı son dövrlər səslənən nikbin açıqlamalara baxmayaraq, danışıqlar prosesinin real nəticə verib-verməyəcəyi hələ də açıq qalır. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan diplomatik təmaslar fonunda tərəflər sülhə hazır olduqlarını bəyan etsələr də, ekspertlər mövcud geosiyasi və hərbi reallıqların bu prosesi çətinləşdirdiyini bildirirlər.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında Rusiya və Ukrayna arasında sülhün əldə olunması ilə bağlı səsləndirilən ümidverici bəyanatlara ehtiyatla yanaşılmalı olduğunu vurğulayıb:

“Hazırda müzakirə olunan sülh planının əsas və həlledici bəndləri hələ də açıq qalır və prinsipial məsələlər üzrə razılaşma əldə olunmayıb. Tərəflər arasında prinsipial məsələlərdə razılıq yoxdur. Bununla belə, Rusiya, Ukrayna və Tramp da daxil olmaqla, bütün tərəflər sülh prosesini açıq şəkildə pozmamağa çalışırlar. Ukrayna tərəfinin nümayəndələrinin verdiyi bəyanatlar da əsasən bu məqsədə xidmət edir. Ancaq reallıq ondan ibarətdir ki, tərəflər yaxşı bilirlər – hazırkı mərhələdə sülh üçün real zəmin mövcud deyil”.

Azər Qasımov qeyd edib ki, Ukrayna mümkün ərazi itkiləri ilə razılaşmaq üçün referendum keçirilməsində israrlıdır, lakin Rusiya bu məqsədlə tələb olunan iki aylıq atəşkəsə razı olmur. Eyni zamanda referendumun nəticəsinin necə olacağı da qeyri-müəyyəndir: “Ukrayna xalqının öz torpaqlarının Rusiyaya verilməsinə razılıq verməsi ehtimalı son dərəcə azdır. Digər tərəfdən, Rusiya artıq özününküləşdirdiyini elan etdiyi Ukrayna ərazilərinin hamısına nəzarət etmək niyyətindədir. Bu isə kompromis imkanlarını minimuma endirir”.

Politoloqun fikrincə, beynəlxalq münasibətlər sistemindəki geosiyasi vəziyyət ABŞ və Avropanı müharibənin dayandırılması üçün müəyyən təzyiq altında saxlasa da, münaqişədə birbaşa maraqlı olan tərəflərin mövqeyi və fəaliyyəti prosesə həlledici təsir göstərir:” Mən hesab edirəm ki, ciddi hərbi üstünlük əldə olunmadığı təqdirdə tərəflərdən heç biri məcburi sülhə razı olmayacaq. Proseslərin hazırkı gedişi müsbət nəticə vəd etmir”.

Bununla belə, Azər Qasımov ənənəvi olaraq ümidin itirilməməli olduğunu da əlavə edib:

“Hər zaman olduğu kimi, biz də iki ölkə arasında tezliklə sülhün əldə olunacağına ümid edirik”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
43
50
editor.az

10Mənbələr