Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. "31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Naxçıvanda Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilib və bu bayram nəticə etibarilə dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycan dilində danışan, özünü azərbaycanlı hesab edən hər kəsin bayramıdır. Azərbaycan xalqının milli birliyinin rəmzi olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər bir soydaşımız üçün böyük tarixi əhəmiyyətə malikdir.
Azərbaycan xalqının ən böyük arzusu, milli ideyası və tarixi hədəfi olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması ilə Azərbaycanın tam ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfələr verib.Vətən müharibəsində Azərbaycan xalqının Prezident ətrafında birləşərək mənfur düşmənə qalib gəlməyi bir daha bu həmrəyliyi sübut etdi. Azərbaycan vətəndaşları, eləcə də vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq azərbaycanlı soydaşlarımız bu gün dünyanın müxtəlif ölkələrində yaşayır, çalışır, oxuyur və fəaliyyət göstərirlər. Onları birləşdirən əsas amil Azərbaycan dilinə, milli kimliyə, mədəniyyətə və Vətənə olan dərin sevgidir. Harada yaşamalarından asılı olmayaraq, Azərbaycan dilində danışır, bu dili qoruyub yaşadır, Azərbaycanın güclənməsi və beynəlxalq nüfuzunun artması üçün öz imkanları daxilində səylər göstərirlər.
Bu gün Azərbaycan diasporunun hər bir üzvü böyük fəxrlə “Mən azərbaycanlıyam” deyə bilir. Çünki biz artıq yalnız zəngin tarixə və mədəniyyətə malik bir xalq deyil, eyni zamanda qalib, güclü və söz sahibi olan bir dövlətin nümayəndələriyik. Bu qələbə milli qürurumuzu daha da artırmış, dünya azərbaycanlılarını bir amal ətrafında daha sıx birləşdirmişdir. Məhz bu birliyin və həmrəyliyin rəmzi olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur. Bu tarix təsadüfən seçilməmişdir. 31 Dekabr bir ilin yekunu, görülən işlərin, qazanılan uğurların qiymətləndirilməsi və yeni ümidlərlə, yeni hədəflərlə qarşıdakı ilə qədəm qoymaq deməkdir. Eyni zamanda bu gün dünyanın hər yerində yaşayan azərbaycanlıların bir-birinə mənəvi bağlarla bağlı olduğunu, Vətənlə qırılmaz əlaqələrini ifadə edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın birliyinin, milli şüurunun, Vətənə bağlılığının və gələcəyə inamının bayramıdır.
Bu günün qeyd edilməsi, həm də Azərbaycan xalqının öz müstəqilliyini qorumaq və inkişaf etdirmək üçün bir araya gəldiyini nümayiş etdirir. Azərbaycan Respublikasının müstəqilliyi, bu günün qeyd edilməsi ilə daha da möhkəmlənmiş, dünya azərbaycanlıları arasında əlaqələr güclənmişdir. Dünya azərbaycanlıları, hər il bu günü qeyd etməklə, öz milli kimliklərini qorumağa, Vətənə olan sevgilərini və bağlılıqlarını nümayiş etdirməyə çalışırlar
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri