AZ

Minlərlə kilometr uzaqda da Azərbaycan ruhu birləşdirir...

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Harada yaşamağımızdan asılı olmayaraq, bizi bir araya gətirən görünməz bir bağ var – Vətən sevgisi və azərbaycançılıq ruhu. Min kilometrlərlə uzaqda olsalar da, dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu bağın daha da möhkəmləndiyi, milli kimliyimizin qürurla yaşadıldığı xüsusi bir gündür. Qazaxıstandan Barselonaya, Amerikaya qədər diaspor təşkilatları bu günü təkcə bayram kimi deyil, milli birliyin, mədəni yaddaşın və Vətənə sədaqətin təcəssümü kimi qeyd edirlər.

Redaktor.az-a danışan diaspora nümayəndələri bu əlamətdar günün onların yaşadıqları ölkələrdə necə qarşılandığını, keçirilən tədbirlərin həm azərbaycanlılar, həm də yerli icmalar üçün daşıdığı mənəvi əhəmiyyəti bölüşüblər.

Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva bildirdi ki, Türküstan vilayətində 25 minə yaxın azərbaycanlı yaşayır və bu icma hər il müxtəlif mədəni tədbirlərlə bir araya gəlir.

"2018-ci ildən etibarən, mən Türküstan şəhərində Qarabağ Azərbaycan Mədəniyyət Mərkəzini qurmuşam və o gündən bu günə qədər hər il həm anım günlərini, həm bayramları, həm də Ümumdünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirik. Bu tədbirlərdə yalnız azərbaycanlılar deyil, yerli qazaxlar və digər millətlərin nümayəndələri də iştirak edir, müxtəlif sərgilər təşkil olunur. Bu il həmrəylik gününü iki dəfə keçirtdim. İlk tədbir Türküstan vilayətinin Sayram rayonunda, azərbaycanlıların sıx yaşadığı 5 rayondan birində təşkil olundu. Sayramda azərbaycanlıların xanımlar şurası, kişilər şurası, "Ağdam" və "Qarabağ" rəqs məktəblərinin şagirdləri qatıldı. Tədbir çox təntənəli və maraqlı keçdi. 50-dən çox şagirdin iştirak etdiyi rəqs proqramı təqdim olundu, milli yeməklər sərgiləndi və konsert proqramı təşkil edildi. Qazaxlar və digər millətlərin nümayəndələri də tədbirə dəvət olunmuşdu".

Müsahibimiz əlavə etdi ki, ikinci dəfə bayramı Türküstan şəhərindəki ofisində qeyd edib.

"Ofisdə isə bir qədər daha sadə, amma həmrəylik və birliyi vurğulayan bir tədbir keçirdim. Burada qazaxlar üçün Azərbaycanla bağlı sərgi təşkil etdik. Azərbaycan mədəniyyətini, tarixi və mətbəxini təqdim etdik. Tədbir bir iclas formatında oldu və qazax dostlarımıza Azərbaycan haqqında geniş məlumat verildi. Hər iki tədbirdə məqsədimiz Azərbaycan mədəniyyətini və tarixini tanıtmaq, həmçinin müxtəlif millətlərin nümayəndələrini bir araya gətirərək, bu əlamətdar günü həmrəylik ruhu ilə qeyd etmək idi. Bu kimi tədbirlər, yalnız azərbaycanlılar üçün deyil, bütün icmalar üçün əhəmiyyətli bir mədəni təcrübədir və milli birliyin güclənməsinə töhfə verir", - deyə Ramilə Mustafayeva vurğuladı.

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Azərbaycan Evinin rəhbəri Kərim Kərimov isə qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Barselonada yaşayan azərbaycanlılar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır.

"Bu gün əsasən icma üzvlərinin bir araya gəlməsi, milli kimliyimizin və dəyərlərimizin yaşadılması fonunda qeyd olunur. Fiziki məsafələrə baxmayaraq, bu gün bizi birləşdirən əsas amil Vətənə bağlılıq və azərbaycançılıq ruhudur. “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” (ASB) və "Casa Azerbaiyán Barcelona" olaraq bu gün münasibətilə mədəni və maarifləndirici tədbirlər təşkil edirik. Proqramlara adətən rəsmi çıxışlar, Azərbaycanın tarixi və müasir reallıqları ilə bağlı təqdimatlar, milli musiqi və mədəniyyət elementləri, həmçinin gənclərin fəal iştirakı daxildir. Əsas məqsədimiz təkcə bayramı qeyd etmək deyil, həm də diaspor üzvləri arasında həmrəyliyi gücləndirmək və Azərbaycanı yaşadığımız cəmiyyətdə layiqincə təmsil etməkdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizim üçün bir təqvim tarixi deyil, harada yaşamağımızdan asılı olmayaraq eyni köklərə, eyni dəyərlərə sahib olduğumuzu xatırladan bir gündür", - deyə o, yekunlaşdırdı.

Amerikada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal isə bildirdi ki, Amerikada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü diaspor üçün həm rəmzi, həm də praktiki baxımdan çox önəmli bir gündür:

"Bu tarix əsasən icma daxilində birliyi möhkəmləndirmək, milli kimliyimizi və mədəni dəyərlərimizi qorumaq məqsədi ilə qeyd olunur. Tədbirlər bəzən rəsmi, bəzən isə daha ailəvi və səmimi formatda keçirilir. Bu günlə əlaqədar olaraq diaspor təşkilatları müxtəlif tədbirlər təşkil edirlər. Bunlara Azərbaycan bayrağı altında keçirilən toplantılar, mədəni gecələr, musiqi və ədəbiyyat proqramları, gənclər üçün maarifləndirici görüşlər, eləcə də Azərbaycanın tarixi və bu günü ilə bağlı müzakirələr daxildir. Son illər sosial media üzərindən birgə çağırışlar, video-müraciətlər və onlayn tədbirlər də geniş yayılıb. Bütün bu təşəbbüslərin əsas məqsədi harada yaşamağımızdan asılı olmayaraq azərbaycanlı kimliyimizi qorumaq və bir-birimizə daha da yaxın olmaqdır".

Xədicə BAXIŞLI 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
redaktor.az

2Mənbələr