Gununsesi saytına istinadən ain.az xəbər verir.
“Türkiyəyə qarşı İsrailin Yunanıstan və Yunan Kipri ilə qurmaq istədiyi koalisiya müsbət perspektiv vəd etmir. İlk növbədə, Yunanıstanın NATO üzvü olan və eyni hərbi alyansda yer aldığı Türkiyəyə qarşı formalaşdırılan hər hansı koalisiyada iştirak etməsi məntiqsizdir. NATO-nun 5-ci maddəsinə əsasən, Türkiyəyə qarşı xarici hücum baş verərsə, alyans üzvləri onu müdafiə etməlidir”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:
“Bu baxımdan, İsrailin Türkiyəyə qarşı hərbi koalisiya planında Yunanıstanın yer alması NATO-nun institusional deqradasiyası anlamına gələr.
Doğrudur, Yunanıstanla Türkiyə arasında siyasi problemlər mövcuddur. Lakin bu problemlər indiyədək tərəflərin bir-birinə qarşı hərbi koalisiyalarda yer almasına gətirib çıxarmayıb. Hər iki ölkə mövcud ziddiyyətləri əsasən ikitərəfli formatda və NATO çərçivəsində idarə edib. Bu səbəbdən İsrailin baş naziri Benyamin Netanyahunun Yunanıstandan Türkiyəyə qarşı alət kimi istifadə etmək cəhdi uğurlu olmayacaq”.
Siyasi şərhçinin fikrincə, İsrail Türkiyə əleyhinə fəaliyyətini daha çox Suriya üzərindən həyata keçirməyə çalışır. ABŞ-ın Suriyada YPG kimi kürd terror təşkilatını dəstəkləməsi, İsrailin bu prosesdən istifadə edərək Suriyanın cənub istiqamətində hərbi fəallığını artırması Türkiyənin Suriyadakı mövqelərinin zəiflədilməsinə hesablanıb.
“Türkiyə isə Suriya məsələsində İranla da danışıqlar aparır. Suriyada siyasi sabitliyin təmin olunması və kürd muxtariyyətinin yaradılmasının qarşısının alınması istiqamətində atılacaq addımlar əsasən ABŞ-la aparılan siyasi danışıqların nəticələrindən asılı olacaq”.
Günay
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.