AZ

Netanyahunun Türkiyəyə qarşı koalisiya planı baş tutmayacaq - Politoloq

"Türkiyəyə qarşı İsrailin Yunanıstan və Yunan Kipri ilə qurmaq istədiyi koalisiya müsbət perspektiv vəd etmir. İlk növbədə, Yunanıstanın NATO üzvü olan və eyni hərbi alyansda yer aldığı Türkiyəyə qarşı formalaşdırılan hər hansı koalisiyada iştirak etməsi məntiqsizdir. NATO-nun 5-ci maddəsinə əsasən, Türkiyəyə qarşı xarici hücum baş verərsə, alyans üzvləri onu müdafiə etməlidir. Bu baxımdan, İsrailin Türkiyəyə qarşı hərbi koalisiya planında Yunanıstanın yer alması NATO-nun institutsional deqradasiyası anlamına gələr".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

 O bildirib ki, doğrudur, Yunanıstanla Türkiyə arasında siyasi problemlər mövcuddur, lakin bu problemlər indiyədək tərəflərin bir-birinə qarşı hərbi koalisiyalarda yer almasına gətirib çıxarmayıb: "Hər iki ölkə mövcud ziddiyyətləri əsasən ikitərəfli formatda və NATO çərçivəsində idarə edib. Bu səbəbdən İsrailin baş naziri Benyamin Netanyahunun Yunanıstandan Türkiyəyə qarşı alət kimi istifadə etmək cəhdi uğurlu olmayacaq".

M.Əsədullazadə vurğulayıb ki, İsrail Türkiyə əleyhinə fəaliyyətini daha çox Suriya üzərindən həyata keçirməyə çalışır: "ABŞ-ın Suriyada YPG kimi kürd terror təşkilatını dəstəkləməsi, İsrailin bu prosesdən istifadə edərək Suriyanın cənub istiqamətində hərbi fəallığını artırması Türkiyənin Suriyadakı mövqelərinin zəiflədilməsinə hesablanıb. Türkiyə isə Suriya məsələsində İranla da danışıqlar aparır. Suriyada siyasi sabitliyin təmin olunması və kürd muxtariyyətinin yaradılmasının qarşısının alınması istiqamətində atılacaq addımlar əsasən ABŞ-la aparılan siyasi danışıqların nəticələrindən asılı olacaq. Azərbaycan qardaş Türkiyənin daima yanında olacaq".

Aytac,

Sitat.info

Seçilən
8
4
sitat.info

5Mənbələr