AZ

“Qarabağ” yatağında seysmik kəşfiyyat aparılır

Böyük Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağında seysmik kəşfiyyat işlərinə başlayıb. Bu barədə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə geologiya və işlənmə üzrə vitse-prezidenti Den Sparks məlumat verib.

Ötən həftə dənizdibi sensor qovşaqlardan istifadə etməklə üçölçülü seysmik tədqiqata başlandığını bildirən vitse-prezidentin sözlərinə görə, seysmik kəşfiyyat işlərinin məqsədi resursların qiymətləndirilməsində qeyri-müəyyənliyi azaltmaq, tədqiqetməni planlaşdırmaq və investisiya ilə bağlı son qərara gəlməkdir. O deyib ki, tədqiqat Xəzərdə dənizdibi sensor qovşaqlardan istifadə texnologiyasını tətbiq edən “Caspian Geo” komandaları tərəfindən həyata keçiriləcək: “Bu texnologiyanın inkişafı BP tarixində ən böyük beşillik 4D seysmik kəşfiyyat proqramı çərçivəsində “Azəri-Çıraq-Günəşli” yatağında təmin edilib”.

Seysmik tədqiqat proqramına dənizdibi sensor qovşaqlarla seysmik tədqiqat və yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli seysmik tədqiqat daxildir. Dekabrda başlayacaq birinci seysmik proqram çərçivəsində tədqiqat işləri dənizin 140-200 metr dərinliyində aparılacaq və 3 ay yarım davam edəcək. (HR)/ultra yüksək dəqiqlikli seysmik tədqiqatın isə gələn ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi nəzərdə tutulur.

Xatırladaq ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP Azərbaycan Dövlət Neft Şirkəti ilə “Qarabağ” layihəsi üzrə iştirak payının alınmasına dair müqavilə imzalayıb. Sözügedən yataq Bakıdan 120 kilometr şərqdə, “Günəşli” yatağından 20-25 kilometr aralıda, 150-200 metr dərinlikdə yerləşir. Layihədə BP SOCAR-dan 35 faiz pay alıb, qalan 65 faiz isə Azərbaycan şirkətində qalıb. Layihənin operatoru kimi BP çıxış edəcək. İlkin hesablamalara görə, “Qarabağ” yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarılabilən hesab olunur.

XQ

Seçilən
38
4
xalqqazeti.az

5Mənbələr