AZ

BP "Qarabağ" yatağında seysmik kəşfiyyat işlərinə başlayıb

Böyük Britaniyanın BP şirkəti rəsmi olaraq Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağında seysmik kəşfiyyat işlərinə başlayıb.

“İki sahil” xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə geologiya və işlənmə üzrə vitse-prezidenti Den Sparks bildirib.

"Ötən həftə dənizdibi sensor qovşaqlardan (HDOBN - High Density Ocean Bottom Nodes) istifadə etməklə üçölçülü seysmik tədqiqata başladıq. İşlərin məqsədi resursların qiymətləndirilməsində qeyri-müəyyənliyi azaltmaq, tədqiq etməni planlaşdırmaq və investisiya ilə bağlı son qərara gəlməkdir", - D.Sparks vurğulayıb.

Vitse-prezident qeyd edib ki, tədqiqat Xəzər dənizində HDOBN texnologiyasını tətbiq edən "Caspian Geo" komandaları tərəfindən həyata keçiriləcək.

"Bu texnologiyanın inkişafı BP tarixində ən böyük beşillik 4D seysmik kəşfiyyat proqramı çərçivəsində "Azəri-Çıraq-Günəşli" yatağında təmin edilib", - o əlavə edib.

Seysmik tədqiqat proqramına dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat və yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat daxildir. Birinci seysmik proqram dekabrda başlayacaq və üç yarım davam edəcək. Tədqiqat dənizin 140-200 metr dərinliyində aparılacaq.

HR/UHR tədqiqatın isə 2026-cı ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi nəzərdə tutulur.

Xatırladaq ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə iki layihədə iştirak paylarının alınmasına dair müqavilələr imzalayıb.

Birinci layihə Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşən "Qarabağ" yatağıdır. İkincisi, Bakıdan 90-110 km şimal-şərqdə, 80-180 metr dərinlikdə yerləşən perspektivli "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) blokudur.

Bu layihələrin hər birində BP SOCAR-dan 35 % pay alıb, qalan 65 % isə Azərbaycan dövlət şirkətində qalıb. BP hər iki layihənin operatoru kimi çıxış edəcək.

İlkin hesablamalara görə, "Qarabağ" yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

Seçilən
14
3
ikisahil.az

4Mənbələr