AZ

Şənbə üçün nəzm

Yüz yaşını qeyd edir

Vaxt var idi birdən yüzəcən saya bilmirdi heç;

Rəqəmləri tanımırdı,

Birin arxasına sıfırlar qoya bilmirdi heç –

İndi gör nə qədər sıfır daldа qalıb...

Üzündə yüz illik qırış,

Gözlərində yüz ilin göz yaşı var –

Ad günündə eşitdiyi arzuları

Ondan qabaq Göy eşidib –

Adının yüz yaşı var,

Təvəllüdün unudan qadının yüz yaşı var...

Evin bir tərəfində doğmaların şəkilləri,

Bir tərəfində tənhalıq asılıb –

Şəklin tənhalığı...

Bu qadın dərd qadındı,

Bəlkə də, onun haqqında yazılıb:

“Yüz ilin tənhalığı...”

***

Allahım, həyatıma

təkrar baxmaq istəyirəm –

Barmağınla dala çək,

Kadrlar başa dönsün...

Ayrılıq da cüt olsun –

Sevənlər qoşa getsin,

Gedənlər qoşa dönsün...

Mənə yüz yaş arzulayan,

Görüm dilindən çıxıb

ətəyindən yapışsın –

Tanrı qəbul etməsin,

Duam qarğışa dönsün...

Deyirlər, cahan düzəlir:

İnsan ömrü olacaq

Daş dövründəki kimi –

İnanan daşa dönsün...

Tələsən geclik

Mən elə bir adamam –

əgər dünya dağılsa,

Hamıdan tez bilərəm,

hamıdan gec tərpənərəm...

Mən elə bir adamam –

ölüm mələyi gəlsə,

Hamıdan tez qarşılayaram,

hamıdan gec gizlənərəm...

Mən elə bir adamam –

cavab tapsam suala,

Hamıdan tez susaram,

hamıdan gec dillənərəm...

Mən elə bir adamam –

keçmədiyim dərsləri

Hamıdan tez oxuyaram,

hamıdan gec öyrənərəm...

Gəlmişəm

Nəfsimi boğmamış

boğulmuşam mən,

Dərd məni yormamış

yorulmuşam mən.

Fələk doğulmamış

doğulmuşam mən -

Ondan əvvəl saya-saya gəlmişəm...

Yer qatında

işıq saçan adamam,

Mən Günəşə

süfrə açan adamam -

Qışın soyuğundan

qaçan adamam,

Allah-Allah deyib yaya gəlmişəm...

Dünya daralmayıb,

yenə genişdi,

Həmin görkəm,

həmin o görünüşdü -

Çox tanış gəlir,

hə, yadıma düşdü,

Bir dəfə də doqquz aya gəlmişəm...

Olmasın müharibələr

Şəhidlər xiyabanında

havaya yaylım atəşi

açılmasın...

Analar diz döyə-döyə

cansız oğullar gətirən

cənazənin qabağına

dizi üstə yıxılmasın...

Atalar ah çəkə-çəkə

Vətən sağ olsun deyərək

üçrəngli, aylı-ulduzlu

bayraqlara sarılmasın...

Kitablara, heykəllərə,

bulaqlara, şəkillərə

“Filankəs filan tarixdə

filan şəhərin uğrunda

Şəhid olub” yazılmasın...

Olmasın müharibələr:

Göyərçinin qanadları

qırılmasın...

Anam bilmir

Uşaq vaxtı anam mənə

yemək yedizdirəndə

üstümə dağıdardım,

anam əsəbləşərdi...

İndi öz əllərimlə qəm yeyirəm,

yerə-göyə dağıdıram...

Anam bilmir!

Səkkiz martda

əlimdə gül

“Ana” şeiri oxuyardım...

İndi ona oxuduğum şeirləri

mən yazıram...

Anam bilmir!

Evə gec çıxardım, darıxdığından

qucaqlayıb qoxlayardı:

İndi üstümdən siqaret iyi gəlir...

Anam bilmir!

Yalan nəsə deyəndə mən

Allaha and içməyimi istəyərdi...

İndi anamın canına and içirəm...

Anam bilmir!

Elvin İntiqamoğlu

Seçilən
84
1
yeniazerbaycan.com

2Mənbələr