AZ

“Azərbaycan, Ermənistan və Gürcüstan davamlılıq üçün qızıl orta tapmalıdır”

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin praktiki mərhələyə keçdiyini göstərən növbəti addım atılıb.

Dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanması regionda uzun illərdən sonra ilk real iqtisadi təmas kimi dəyərləndirilir. SOCAR-ın istehsal etdiyi Aİ-95 markalı 22 vaqon benzin beynəlxalq bazar qiymətləri ilə satılıb və bu prosesin kommersiya xarakteri daşıdığıbildirilib. Gürcüstanın tranzit ölkə kimi daşınmanı birdəfəlik əsasda pulsuz həyata keçirib.

Diplomatik əlaqələri olmayan iki ölkə arasında iqtisadi münasibətin reallaşmasını, eləcə də gələcəkdə atılması mümkün addımları Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla müzakirə etdik.

– Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyasının yola salınması iqtisadi baxımdan nəyi ifadə edir?

– Əsas məqam ondan ibarətdir ki, bu artıq hansısa humanitar yardım çərçivəsində göndərilən benzin deyil. Söhbət hər iki ölkənin kommersiya qurumları arasında razılaşdırılmış kommersiya əməliyyatından gedir. Bu sazişi yanacağın satıcı olaraq SOCAR, alıcı olaraq isə Ermənistan neft məhsullarının idxalı ilə məşğul olan özəl şirkət imzalayıb. Azərbaycandan 22 vaqon yüksək oktanlı benzin həmin şirkətin ünvanına göndərilib.

Gürcüstan Baş nazirinin müavini bildirib ki, bu daşınmanınöz ərazisindən keçməsinə görə birdəfəlik heç bir tranzit haqqı alınmayacaq. Sonrakı dövrlərdə necə olacaq, ilk partiyanın təsiri hansı nəticələri verəcək – bunlar artıq tərəflərin istəklərindən asılıdır. Ermənistan bundan sonra da Azərbaycandan benzin almaq istəyəcəkmi, Gürcüstanın tranzit tarifləri ilə bağlı mövqeyi necə olacaq – bunlar növbəti mərhələdə bəlli olacaq. Çünki indiyə qədər Azərbaycandan Ermənistana tranzit tarifləri ilə bağlı heç bir mexanizm mövcud olmayıb. Burada təkcə Azərbaycan yox, Ermənistan da Gürcüstanla danışıqlar aparmalıdır. Çünki bu prosesdə üç tərəfin – tranzit ölkə kimi Gürcüstanın, satıcı kimi Azərbaycanın, alıcı kimi Ermənistanın maraqları var.

Sonrakı mərhələdə, yəqin ki, bu məsələ öz həllini tapar. Gürcüstan da başa düşür ki, əgər bu məsələ həllini tapmasa, deməli, alternativ yolla buna nail olunacaq. Onu da bilir ki, yaxın bir-iki ilin məsələsi deyil. Çünki Zəngəzurdan dəmir yolunu çəkilməsi ən yaxşı halda 2028-ci ildə reallaşa bilər.

Ona görə də davamlılıq üçün qızıl orta tapılmalıdır.

– Bu əməliyyat davamlı ola biləcəkmi, yoxsa müvəqqəti ticarət qərarı idi?

– Müstəqillik dövründə Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr olmayıb. Diplomatik əlaqələr olmayan şəraitdə ölkələrin subyektləri arasında kommersiya sazişinin imzalanması, bu ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmanın və sülhə dair siyasi iradənin göstəricisidir.

Bu, müstəqillik dövründə Azərbaycanla Ermənistan arasında ilk iqtisadi münasibətdir. Bu, sadəcə, bizim yanacağın Ermənistana getməsi deyil. Bu proses Azərbaycan və Ermənistan arasında logistikanın və maliyyə sektorunun da işləməsidir. Hələ ki bu əməliyyat birdəfəlikdir, ancaq bütün Cənubi Qafqaz ölkələrinin ortaq maraqlarına söykənən bir həll tapılanda, hər üç ölkənin marağı ortaya qoyulanda, məncə, davamlı olacaq.

– Bu ixrac Ermənistanın enerji təhlükəsizliyinə təsir göstərə bilərmi?

– Əlbəttə. Ermənistan bütün müstəqillik dövründə enerji baxımından iki ölkədən – əsasən Rusiyadan, qismən isə İrandan asılı olub. Digər ölkələrdən idxal epizodik xarakter daşıyıb. Beynəlxalq treyderlərin məlumatlarına baxsaq görərik ki, Cənubi Qafqazda neft məhsullarının ən baha satıldığı ölkə Ermənistandır. Bunun əsas səbəbi dənizə və bazarlara birbaşa çıxışının olmamasıdır.

Ermənistan Rusiya və İrandan asılı və logistik imkanları məhdud olduğu üçün nəqliyyat xərcləri baha başa gəlir. Ermənistan hökumətinin indi atdığı addımlar bu bazarın şaxələndirilməsinə imkan yaradacaq və rəqabəti yüksəldəcək.

– Bu addım gələcəkdə Azərbaycandan Ermənistana digər məhsulların ixracına da yol aça bilərmi?

– Proseslərin ana xəttini bazar münasibətləri tənzimləyəcək. Ermənistan bazarı bizim üçün yeni bazar olması baxımından maraqlıdır. Burdan məhsulu hazırlayırsan və sərhədinin o tərəfində alıcıya çatdırırsan. Daha alıcı üçün 2000-3000 kilometr getmək məcburiyyətində qalmırsan. Bu bazarın nəqliyyat xərci kifayət qədər azdır.

- Bu addım gələcəkdə digər məhsullar üzrə də ixracın yolunu aça bilərmi?

- Mümkündür, ancaq bunun üçün zamana ehtiyac var. Zaman-zaman ticarət yaranacaq. Hətta ola bislin ki, Ermənistan bazarına Azərbaycan qazı da getsin. Necə ki 1960-cı ilin fevralında Azərbaycan qazı ilk dəfə Ermənistan bazarına qədəm qoymuşdu, ta ki SSRİ dağılana qəzər.

– Azərbaycan da Ermənistandan idxal edə bilərmi?

– İqtisadi əlaqələr nadir hallarda birtərəfli olur. Azərbaycan da. bazarı üçün maraqlı olan məhsulları ala bilər.

– Ermənistanda anadan olmuşunuz. Sizcə, Ermənistanın nəyi Azərbaycan bazarında özünə yer edə bilər?

– Ordubad əriyinə rəqib çıxa bilər İrəvan əriyi. İrəvan əriyi adla tanınır, Rusiya bazarından tutmuş bir çox ölkənin bazarında satılır. Bundan başqa, Ermənistan xarici ölkərə filiz ixrac edir, onlardan filiz alıb metallurgiya sahəsində istifadə edib məhsula çevirə bilərik.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
44
50
yenisabah.az

10Mənbələr