AZ

Fransada fermerlərin narazılığı artır

Paris, 18 dekabr, AZƏRTAC

Fransada fermerlərin narazılığı artmaqda davam edir. Bu ölkənin şimal bölgələrindən olan fermerlər təxminən 250 traktorla Belçikanın paytaxtı Brüsselə doğru irəliləyirlər. Etirazın əsas səbəblərindən biri Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişinin imzalanmasının planlaşdırılmasıdır.

AZƏRTAC xəbər verir ki, FNSEA və Gənc Fermerlər həmkarlar ittifaqlarının üzvləri bu razılaşmanın şəkər, mal və quş əti kimi məhsulların aşağı gömrük rüsumları ilə idxalını nəzərdə tutmasına qarşı çıxırlar.

Fermerlər Brüsseldə Avropa liderlərinin sammiti ilə eyni vaxtda keçiriləcək genişmiqyaslı aksiyaya qoşulmağı planlaşdırırlar. Avropa Komissiyasının sazişi imzalamaq niyyəti isə narazılığı daha da gücləndirib.

Etirazlar çərçivəsində Fransada avtomagistralların bloklanması da davam edir.

Bu ölkənin kənd təsərrüfatı sektoru, eyni zamanda, yoluxucu düyünlü dermatit böhranı ilə üz-üzədir. Hökumət cənub-qərb bölgələrində 750 min baş heyvanın peyvəndlənəcəyini açıqlayıb. Ümumilikdə ölkə üzrə artıq 1 milyondan çox iribuynuzlu heyvan peyvənd olunub.

Hökumət xəstəliyin yayılmasında heyvanların qanunsuz daşınmasının rol oynadığını bildirib və fermerləri məsuliyyətli olmağa çağırıb. Bu gün ölkənin müxtəlif bölgələrində, o cümlədən Yuxarı Pireneydə yeni etiraz aksiyalarının keçirilməsi planlaşdırılıb. Bəzi fermerlər hətta xizək mərkəzlərinə gedən yolları bağlamağı nəzərdən keçirirlər.

Seçilən
105
7
azertag.az

8Mənbələr