AZ

Öldürən Əkrəm, xilas edən Əhməddir...

Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün əvvəl Avstraliyanın məşhur çimərliklərinin birində Hanukka bayramını qeyd edən yəhudilərə qarşı odlu silahla hücum oldu, 15 nəfər qətlə yetirildi, 42 nəfər isə müxtəlif dərəcədə yaralandı. Sidney ətrafındakı çimərlikdə yaşanan bu qanlı hadisədən sonra insanları düşündürən belə sual yarandı: hücum yəhudilərə qarşı olsa da, bunu hansı qüvvələr edib? Bu terror hücumu, sadəcə, İsrailin Qəzzada 72 mindən çox insanı qətlə yetirməsinə cavab olaraq hansısa fələstinlinin qisasıdır, yoxsa qlobal başbəlasına çevrilmiş hansısa terror təşkilatının sıradan aksiyasıdır? Hər halda, ilk növbədə, İŞİD diqqət çəkdi…

Avstraliya Federal Polisinin komissarı Krissi Baret deyib ki, ata-oğul olan iki terror hücumçusunun biri – 50 yaşlı şübhəli güllələnərək öldürülüb, amma 24 yaşlı digər yaralı hücumçu hazırda xəstəxanada ciddi nəzarət altındadır və bu da qətliamın təfərrüatlarının açılmasına ümidləri artırır.

Günümüzdə dəqiq məlumat olmasa da, terrorçuların kimliyinə dair bəzi məlumatlar üzə çıxmaqdadır.

Məlum olub ki, Hindistan hökuməti Sajid Əkrəmin əslən Heydərabaddan olduğunu təsdiqləyib; amma o, təxminən, 27 il əvvəl – 1998-ci ilin noyabrında tələbə vizası ilə Avstraliyaya gedib. Hindistanla bağlarına gəldikdə, Sajid Əkrəm sonuncu dəfə Hindistana 2022-ci ildə səfər edib və ilkin araşdırmalara əsasən, ölkə daxilində hər hansı yerli əlaqəsinin olduğu aşkarlanmayıb.

Təhlükəsizlik mənbələri Avstraliya Yayım Korporasiyasına (ABC) təsdiqləyib ki, hücumu həyata keçirən silahlılar – Sajid Əkrəm və oğlu Navid Əkrəm ötən ay intensiv hərbi təlim üçün Filippinə gediblər. Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Agentliyi (ASIO) 2019-cu ildə Navid Əkrəmlə bağlı bəzi şübhələri araşdırıb. Təhlükəsizlik mənbəyi bildirib ki, o vaxt 18 yaşı olan Navid İŞİD ilə sıx əlaqələrinin olduğunu nümayiş etdirib və bu, ASIO tərəfindən araşdırılıb. Həmin zaman əlavə araşdırma zəruri hesab edilməyib. İşi araşdıran orqanlar Sajid Əkrəm və oğlunun beynəlxalq terror şəbəkəsi ilə əlaqələrinin olub-olmadığını yoxlayırlar. Bu araşdırmanın bir hissəsi olaraq, onların noyabrın 1-də Filippinin paytaxtı Manilaya hansı məqsədlə uçduqları da araşdırılır. Cütlük “Philippine Airlines” şirkətinin “PR212” reysi ilə Sidneydən Manilaya, daha sonra isə İŞİD ilə əlaqəsi olanlar da daxil olmaqla, terrorçu qrupların aktiv olduqları Davaoya uçub. İmmiqrasiya Bürosunun sözçüsü bildirib ki, Avstraliyada yaşayan 50 yaşlı Hindistan vətəndaşı Sajid Əkrəm Hindistan pasportundan, oğlu Navid Əkrəm isə Avstraliya pasportundan istifadə edib. Ata və oğul birlikdə uçublar və 28 noyabrda eyni marşrutla əvvəlcə Manilaya, sonra isə Sidneyə qayıdıblar. Avstraliyadan olan adı açıqlanmayan yüksəkvəzifəli terrorizmə qarşı mübarizə rəsmisi cütlüyün Filippinin cənubundakı Mindanao adasında hərbi təlim keçdiyini təsdiqləyib.

Bu arada, Filippin 1990-cı illərin əvvəllərindən bəri Pakistan – Əfqanıstan sərhədi boyunca fəaliyyət göstərən terrorçu qrupların yenidən canlanması ilə ekstremizmin qaynar nöqtəsinə çevrilib.

2017-ci ildə İŞİD-in təsiri altında olan silahlı qruplar Filippinin cənubundakı Maravi əyalətinin bir hissəsini ələ keçirərək, oranı beş ay nəzarətdə saxlayıblar. Ordunun quru və hava əməliyyatlarına baxmayaraq davam edən bu münaqişə, İkinci dünya müharibəsindən bəri ölkədə baş verən ən böyük savaş kimi qeydə alınıb və nəticədə, təxminən, 350 min insan didərgin düşüb, 1100-dən çox insan həlak olub. Bütün bunları nəzərə alan Avstraliyanın Baş naziri Entoni Albanese hücumun məhz İŞİD ideologiyası tərəfindən idarə olunduğunu bildirib.

Yeri gəlmişkən, Avstraliya polisi hücumda istifadə edilən nəqliyyat vasitəsində iki İŞİD bayrağı və bomba tapıldığını açıqlayıb.

Əsas məsələ odur ki, terror törədən ata və oğulun hansı ölkədən və millətdən olmalarına baxmayaraq, müsəlmandırlar və bu da yenidən anti-islançıların müsəlmanlara qarşı hücuma keçməsinə bəs edir; amma bir ziddiyyətli məqam da var: terror hücumu zamanı daha çox insanın həlak olmasının qarşısını alan da məhz müsəlmandır. O, hazırda Sidneydəki “Müqəddəs Corc” xəstəxanasında müalicə alan və bütün Avstraliyada qəhrəman kimi ad çıxaran Əhməd əl-Əhməddir. Onun həyatını təhlükəyə ataraq, terrorçunun üstünə atılaraq onu tərk-silah etdiyi, hətta bu zaman özünün də yaralandığı və məhz bu səbəbdən də xəstəxanada olduğu deyilir.

Elə isə sual yaranır: terror hadisəsi niyə Avstraliyada baş verdi? Terrorda iştirak edən ata-oğul niyə məhz Hindistan vətəndaşlarıdır? Yəni hərzamankından fərqli olaraq, bu hadisədə nə əcəb ərəb və pakistanlı izi yoxdur?

Maraqlıdır ki, Avstraliya Qəzzada hərbi əməliyyatlar başlayan ilk gündən İsrailin hücumlarını ən sərt dillə qınayan ölkələrdəndir. Hindistan isə son vaxtlar Pakistan, Türkiyə, hətta Azərbaycana qarşı xoş olmayan siyasət yürüdür. Ola bilər, terror hadisəsini Avstraliyada planlamaqla İsrailin, həqiqətən, terrorla üz-üzə qaldığını, Təl-Əvivin düzgün siyasət yürütdüyünü bu ölkəyə qəbul etdirmək cəhdi edilsin. Terrorçunun Hindistandan seçilməsi isə son zamanlar Rusiya ilə əlaqələrini gücləndirən Dehlini təsir altında qoymaq üçün planlaşdırıla bilər.

Bu arada qeyd edək ki, hadisə baş verən ilk andaca İsrail tərəfi Avstraliya hökumətini tənqid edərək, bu ölkədə anti-semit əhvalının iki ildir artması barədə xəbərdarlıq etdiklərini dedi. Hətta Avstraliya hökumətini İsrailə qarşı sərt davranmaqla, ölkə daxilində anti-semit dalğanı gücləndirməkdə ittihamladılar.

İŞİD məsələsinə gəldikdə, son vaxtlar İraq hakimiyyəti qəti şəkildə tələb edir ki, artıq İŞİD təhlükəsi yoxdur, ABŞ və müttəfiqləri İraq ərazisindəki bütün əsgərlərini geri çəksinlər. Suriyada da quruculuq işləri gedir, ölkədə birlik yaranır, amma İsrail burada özünə qarşı təhlükələr axtararaq hərbi təzyiqlərini artırır. Baxmayaraq ki, ABŞ Suriyaya çox müsbət münasibət bəsləyir. Hindistan vətəndaşı İŞİD-çilər isə bu ölkə vətəndaşlarının, hətta bəzi hallarda siyasi kanallarının İŞİD-i lazım olan yerdə aktivləşdirə biləcəyini göstərir. Məsələn, qonşu Pakistana qarşı, Suriya və İraqda, Əfqanıstanda sabitliyi pozmaq üçün və sair.

ABŞ-də yerləşən Xarici Əlaqələr üzrə beyin mərkəzi Şurasının terrorizm üzrə eksperti Brus Hoffman bildirib ki, bir vaxtlar Suriya və İraqda əhəmiyyətli ərazilərə nəzarət edən İŞİD “öz DNT-sinə qayıdıb” və əlavə edib: “Onlar, artıq əraziyə nəzarət etmirlər, amma hələ də minlərlə üzvü var". Hoffman xatırladıb ki, ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın 2019-cu ildə məğlubiyyətini elan etməsindən bəri İŞİD gözdən itib. Buna baxmayaraq, o, təşkilatın məqsədlərindən əl çəkmədiyini vurğulayıb.

Yaxın Şərqdə mülki əhali arasında gizlənən döyüşçülərə diqqət çəkib. O, Suriyadakı qaçqın düşərgələrində əsasən qadın və uşaqlar olmaqla, təxminən, 26 min insanın saxlanıldığını və bu şəxslərin gələcəkdə təşkilata qoşulmasının təəccüblü olmayacağını irəli sürüb.

Məqalədə, həmçinin xatırladılıb ki, İŞİD ötən il Moskvada konsert salonuna edilən və ən azı 143 nəfərin ölümünə səbəb olan hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Həmçinin əlavə edilib ki, təşkilatın potensial hücumlarının qarşısı ABŞ, Avstriya və Şri-Lanka kimi çox uzaq ölkələrdə aparılan əməliyyatlar vasitəsilə alınıb.

Avropa və ərəb ölkələrinin təhlükəsizlik rəsmiləri “Washington Post”a bildiriblər ki, son zamanlar Yaxın Şərqdə hücumlarını gücləndirən İsrailə qarşı artan qəzəb İŞİD-ə fayda verir. Ərəb ölkəsindən olan yüksək vəzifəli bir məmur, Qəzza müharibəsində aclıqdan və ya silah atəşindən ölən uşaqlara və qadınlara işarə edərək deyib: “Onlar müsəlmanların qəzəbindən faydalanırlar. İŞİD-in onlayn görünürlüyündə mütləq artım var”.

Seçilən
130
hafta.az

1Mənbələr