Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Ramiz Mehdiyev və digərləri barəsində “hakimiyyəti ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə aparılan cinayət işi üzrə istintaqa cəlb olunması və barəsində axtarış elan edilməsinin ciddi əsasları var.
Ölkədə çevriliş etmək cəhdi ifşa olunandan sonra həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı aparılan istintaq 2013-cü il prezident seçkiləri zamanı Rusiyanın Azərbaycana qarşı planlarında yer alan Milli Şuranın fəaliyyətinin araşdırılması zərurətini yaratdı. Nəticədə AXCP sədri Əli Kərimli istintaqa cəlb edildi. Lakin bu prosesdə Abbas Abbasovun da iştirakına dair təkzibolunmaz faktlar var.
Abbas Abbasov 2013-cü ildə hazırlanan ölkədə qanuni hakimiyyəti zorla ələ keçirmək planlarının əsas fiqurlarından olub. O, hələ baş nazirin müavini olanda Rusiyanın müəyyən dairələri ilə sıx əlaqələrə malik idi. Vəzifəsindən azad edildikdən (2006-cı ildən) sonra Rusiyaya köçdü və Azərbaycana qarşı planların kordinatoru-icraçısı missiyasını üzərinə götürdü. 2012-ci ilin 28 sentyabr tarixində Abbas Abbasovun rəhbərliyi ilə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nın yaradılması bu prosesin start nöqtəsi oldu.
Təşkilatın yaradılması ilə bağlı bəyanatda məqsədin “azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatına fəal inteqrasiyasını təşkil etmək” olduğu iddia edilsə də, gerçək hədəf Rusiyadakı diaspor təşkilatlarımızın və tanınmış azərbaycanlıların Kremlin çətiri altında toplanması idi. Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyət konsepsiyası bu ölkədəki ictimai təşkilatlarımızın Rusiyanın yeni dövlət strategiyası çərçivəsində effektiv fəaliyyətini təmin etmək, Bakı-Moskva xəttində mübahisəli məsələlər yarandığı zaman diasporumuzun Azərbaycanın əleyhinə yönləndirməkdən ibarət olub. Misal üçün, Qəbələ RLS-in çıxarılması, Azərbaycanın neft və qaz ixracının enerji bazarında rolunun artması, eləcə də rəsmi Bakının müstəqil xarici siyasəti, bir sözlə, Moskvanın xoşuna gəlməyən proseslər zamanı Rusiya Azərbaycan Təşkilatları İttifaqı Abbas Abbasovun rəhbəriyi ilə bu ölkədəki diasporumuzu təşkilatlandırmaq və Kremlin Azərbaycana qarşı təzyiq siyasətində alətə çevirmək missiyasını icra edirdi.
Planın Azərbaycan daxilindəki hissəsini isə Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasından 8 ay sonra – 2013-cü ilin 28 mayında Abbas Abbasovun və Ramiz Mehdiyevin xeyir-duası və dəstəyi ilə elan edilən Milli Şura üzərinə götürmüşdü. Azərbaycana qarşı planın Rusiyanın layihəsi olduğunu gizlətmək üçün müxtəlif formalardan istifadə olunması da diqqət çəkirdi. Misal üçün, Milli Şuranın məhz 28 may tarixində elan edilməsi, özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandırması, həmçinin Abbas Abbasovun Azərbaycanın qanuni hakimiyyətinə qarşı çıxışlarında “Biz bütün insanların azad olduğu demokratik cəmiyyətdə yaşamaq istəyirik” kimi sözləri həm planın arxasında Rusiyanın dayandığını gizlətmək, həm də ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyırdı. Planın Azərbaycanda həyata keçirilməsinə rəhbərlik edən Ramiz Mehdiyev isə özünü gizlədir, arxa fonda müxalifəti təlimatlandırırdı.