Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Ramiz Mehdiyev və digərləri barəsində “hakimiyyəti ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə aparılan cinayət işi üzrə istintaqa cəlb olunması və barəsində axtarış elan edilməsinin ciddi əsasları var.
Ölkədə çevriliş etmək cəhdi ifşa olunandan sonra həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı aparılan istintaq 2013-cü il prezident seçkiləri zamanı Rusiyanın Azərbaycana qarşı planlarında yer alan Milli Şuranın fəaliyyətinin araşdırılması zərurətini yaratdı. Nəticədə AXCP sədri Əli Kərimli istintaqa cəlb edildi. Lakin bu prosesdə Abbas Abbasovun da iştirakına dair təkzibolunmaz faktlar var.
Abbas Abbasov 2013-cü ildə hazırlanan ölkədə qanuni hakimiyyəti zorla ələ keçirmək planlarının əsas fiqurlarından olub. O, hələ baş nazirin müavini olanda Rusiyanın müəyyən dairələri ilə sıx əlaqələrə malik idi. Vəzifəsindən azad edildikdən (2006-cı ildən) sonra Rusiyaya köçdü və Azərbaycana qarşı planların kordinatoru-icraçısı missiyasını üzərinə götürdü. 2012-ci ilin 28 sentyabr tarixində Abbas Abbasovun rəhbərliyi ilə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nın yaradılması bu prosesin start nöqtəsi oldu.
Təşkilatın yaradılması ilə bağlı bəyanatda məqsədin “azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatına fəal inteqrasiyasını təşkil etmək” olduğu iddia edilsə də, gerçək hədəf Rusiyadakı diaspor təşkilatlarımızın və tanınmış azərbaycanlıların Kremlin çətiri altında toplanması idi. Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyət konsepsiyası bu ölkədəki ictimai təşkilatlarımızın Rusiyanın yeni dövlət strategiyası çərçivəsində effektiv fəaliyyətini təmin etmək, Bakı-Moskva xəttində mübahisəli məsələlər yarandığı zaman diasporumuzun Azərbaycanın əleyhinə yönləndirməkdən ibarət olub. Misal üçün, Qəbələ RLS-in çıxarılması, Azərbaycanın neft və qaz ixracının enerji bazarında rolunun artması, eləcə də rəsmi Bakının müstəqil xarici siyasəti, bir sözlə, Moskvanın xoşuna gəlməyən proseslər zamanı Rusiya Azərbaycan Təşkilatları İttifaqı Abbas Abbasovun rəhbəriyi ilə bu ölkədəki diasporumuzu təşkilatlandırmaq və Kremlin Azərbaycana qarşı təzyiq siyasətində alətə çevirmək missiyasını icra edirdi.
Planın Azərbaycan daxilindəki hissəsini isə Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasından 8 ay sonra – 2013-cü ilin 28 mayında Abbas Abbasovun və Ramiz Mehdiyevin xeyir-duası və dəstəyi ilə elan edilən Milli Şura üzərinə götürmüşdü. Azərbaycana qarşı planın Rusiyanın layihəsi olduğunu gizlətmək üçün müxtəlif formalardan istifadə olunması da diqqət çəkirdi. Misal üçün, Milli Şuranın məhz 28 may tarixində elan edilməsi, özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandırması, həmçinin Abbas Abbasovun Azərbaycanın qanuni hakimiyyətinə qarşı çıxışlarında “Biz bütün insanların azad olduğu demokratik cəmiyyətdə yaşamaq istəyirik” kimi sözləri həm planın arxasında Rusiyanın dayandığını gizlətmək, həm də ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyırdı. Planın Azərbaycanda həyata keçirilməsinə rəhbərlik edən Ramiz Mehdiyev isə özünü gizlədir, arxa fonda müxalifəti təlimatlandırırdı.
2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyanın maraqlı dairələrinin Azərbaycana qarşı təzyiqləri Moskvanın ölkəmizdə hakimiyyəti dəyişmək planı haqda məlumatları gündəmə gətirdi. Hadisələr də bu yöndə inkişaf edirdi. Proseslərdən aydın olur ki, layihənin həyata keçirilməsində əsas fiqurlar Abbas Abbasov, Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli və onların yaxın ətrafı olub.
Abbas Abbasov “Milyarderlər ittifaqı”nın yaradılması, Azərbaycan diasporu və tanınmış azərbaycanlıların Kremlin çətiri altına toplanmasını, Ramiz Mehdiyev planın Azərbaycanda həyata keçirilməsini, Əli Kərimli, Cəmil Həsənli və ətrafında olanlar isə müxalifəti Milli Şura adı altında toplayaraq, planın icraçısı təmin etməli idi. Prosesdə Abbas Abbasov və ətrafı, həmçinin Milli Şura açıq, Ramiz Mehdiyev isə gizli fəaliyyət göstərirdi. Mehdiyevin gizli fəaliyyəti çevriliş planına dövlət daxilindən dəstəyi təmin etmək məqsədindən qaynaqlandığı da görünür.
Prosesdə yer alan fiqurlardan biri də Rüstəm İbrahimbəyov idi. Onun plana cəlb edilməsi həm Rusiya elitasının dəstəyini əldə etmək, həm də Azərbaycan ictimai rəyində Milli Şuranın, ümumiyyətlə hakimiyyət dəyişikliyi planının müsbət imicinin yaradılmasına hesalanmışdı. Hərçənd, Milli Şuranın qurucusu kimi Rüstəm İbrahimbəyovun adı çəkilsə də, arxasındakı əsas adam məhz Abbas Abbasov olub. Abbasov həmin vaxt Azərbaycan hakimiyyətinə qarşı açıq çağırışlar da edirdi. O, açıqlamalarının birində Azərbaycanda hakimiyyət dəyişikliyi ilə bağlı niyyətini açıq şəkildə dilə gətirib. Başqa bir açıqlamasında “Biz güclüyük, bizə qarşı duranlar gedəcək, inanın mənə. Onlar gedəcək, onlar olmayacaq” deyərək, Bakıya təhdidlər yağdırırdı. Bütün görüşlərində isə Rusiyanın adından danışır, müxtəlif vədlər verir, Moskvanın Azərbaycanda hakimiyyəti dəyişəcəyini iddia edirdi. Təbii ki, onun Azərbaycana qarşı təhdidləri əslində Rusiyanın maraqlı dairələrinin dedikləri idi, Abbasov sadəcə maşa idi. Onun bu prosesdə maşa olmasının səbəblərindən biri də Rusiyanın biznes sektoru ilə yanaşı, ictimai-siyasi həyatında mövqe əldə etməklə imkanlarını daha da gücləndirmək və genişləndirmək idi. Yəni Abbas Abbasov çörəyini yediyi vətəni Azərbaycanı biznes və siyasi maraqlarına satan xəyanətkardan başqa heç kim deyildi.
2013-cü ildə artıq Azərbaycana qarşı xain plan hazır idi. Rusiyada “Milyarderlər ittifaqı” formalaşmış, Azərbaycanda Milli Şura yaradılmış və Rüstəm İbrahimbəyovu “vahid namizəd” kimi seçmişdi. Əli Kərimli, Cəmil Həsənli və ətrafının icra etdiyi çevriliş planında Milli Şuranın maliyyəsini də “Milyarderlər ittifaqı” təmin edirdi. Məlumatlara görə, Abbas Abbasov Azərbaycanda hakimiyyət dəyişikliyi planını həyata keçirmək üçün Milli Şuraya 20 milyon dollar vəd edib və bunun bir qismini ona göndərib də. Milli Şuranın keçirdiyi aksiyalara, seçki hazırlığına, imzatoplama kampaniyasına və digər məsələlərə sərf olunan pulların Moskvadan, birbaşa Abbas Abbasovdan gəldiyi haqda da kifayət qədər məlumat vardı. Pul bölgüsündə Milli Şurada düşən dava diqqəti bu fakta xüsusilə yönəltdi. Seçki ərəfəsində Cəmil Həsənliyə imza toplamaq üçün ayrılan 500 min dolların Müsavat və AXCP tərəfindən mənimsənildiyinə dair məlumatlar yayılmışdı.
Abbas Abbasovun Azərbaycandakı fəaliyyətini digər kanallar vasitəsilə gücləndirdirdiyi də deyilir. Məlumatlara görə, Abbasov yaxın olduğu Müsavat sədrinin müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynlini Bakıya öz adamı kimi göndərib. Müsavat Partiyasının Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynli dəvət edib və müxtəlif vədlərlə İsa Qəmbəri bu addımı atmağa razı salıb.