Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun və kapitan Emin Mahmudovun FIFA-nın “The Best” mükafatı üçün kimlərə səs verdiyi bəlli olub.
İdman.Biz xəbər verir ki, Ayxan Abbasov birinci pilləyə Fransa təmsilçisi PSJ-də çıxış edən mərakeşli Əşrəf Hakimini layiq görüb.
Mütəxəssis İspaniyanın “Real” komandasının fransalı hücumçusu Kilian Mbappeni ikinci, İngiltərənin “Liverpul” klubunun misirli üzvü Məhəmməd Salahı üçüncü göstərib.
Emin Mahmudov isə Kilian Mbappeni birinci, PSJ-də çıxış edən fransalı Usman Dembeleni ikinci, İspaniyanın “Barselona” komandasından Lamin Yamalı üçüncü sıraya yazıb.
Yığmanın kapitanı PSJ-nin ispan çalışdırıcısı Luis Enrikeni ilin ən yaxşı baş məşqçisi hesab edib. Ayxan Abbasov da bu fikirdə olub.
Qeyd edək ki, səsvermənin yekununda Usman Dembele “The Best” mükafatına sahib çıxıb. Ən yaxşı baş məşqçi mükafatını isə Luis Enrike qazanıb.