AZ

Fransada fermerlər yoluxucu düyünlü dermatitlə mübarizəyə qarşı hökumətin siyasətinə etiraz edirlər

Paris, 15 dekabr, AZƏRTAC

Fransada fermerlər yoluxucu düyünlü dermatitə qarşı hökumətin apardığı mübarizə siyasətinə etiraz edirlər.

AZƏRTAC xəbər verir ki, etirazların əsas səbəbi xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə iribuynuzlu heyvanların kütləvi şəkildə kəsilməsi qərarıdır.

Xüsusilə Tuluza şəhərində fermerlər artıq bir neçə gündür traktorlarla yolları bağlayaraq etiraz aksiyaları keçirir, plakat və şüarlarla narazılıqlarını ifadə edirlər. Onlar bildirirlər ki, yoluxmanın ilk halında bütün sürünün məhv edilməsi iqtisadi baxımdan ağır nəticələrə gətirib çıxarır və alternativ tədbirlərə üstünlük verilməlidir.

Etiraz edən fermerlərlə görüşmək üçün kənd təsərrüfatı naziri Anni Jenavarın Tuluzaya səfəri gözlənilir. Nazirliyin açıqlamasına görə, bu səfərin əsas məqsədi yoluxucu düyünlü dermatitə qarşı peyvəndləmə tədbirlərini gücləndirmək və regionda təxminən bir milyon baş iribuynuzlu heyvanın peyvənd olunmasını təşviq etməkdir.

Fermer təşkilatları və həmkarlar ittifaqları arasında mövqelər fərqlidir. Bəzi aqrar birliklər hökumətin xəstəliyin yayılmasının qarşısını almaq üçün tətbiq etdiyi seçmə kəsim siyasətini dəstəkləsə də, bir sıra seçilmiş rəsmilər və kənd təsərrüfatı təşkilatları bu siyasətin sərt şəkildə icrasına qarşı çıxırlar.

Fransa artıq təxminən üç aydır ki, bu xəstəliklə mübarizə aparır. Epidemiyanın yayılması hökuməti ciddi tədbirlər görməyə məcbur edib. Yoluxucu düyünlü dermatit iribuynuzlu heyvanlarda yüksək hərarət, dəri zədələnmələri, arıqlama, doğuş zamanı problemlər və bəzi hallarda ölümə səbəb olur.

Qeyd edək ki, bu xəstəlik ilk dəfə 1929-cu ildə Afrikada qeydə alınıb, daha sonra dünyanın müxtəlif bölgələrinə yayılıb və 2019-cu ildən etibarən Asiya ölkələrində də müşahidə olunmağa başlayıb.

Seçilən
101
7
azertag.az

8Mənbələr