AZ

Nə əkərsən, onu da biçərsən ... BMT dən narazı Lavrov, BMT ni bu vəziyyyət ə salanın Rusiya olduğunu xatırlasın

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"BMT-ni ATƏT-in taleyi gözləyə bilər". Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında keçirilən Hökumət Saatında çıxışında bildirib. Onun sözlərinə görə, BMT-nin ATƏT-in taleyini təkrarlamaması üçün onun gələcəyi haqqında düşünmək lazımdır. "Əlbəttə ki, biz BMT-dən birtərəfli oyun oynamağı, o cümlədən rəhbər vəzifələrin qərb ölkələri tərəfindən özəlləşdirildiyi və bütün siyasətin NATO və Avropa İttifaqı üzvləri tərəfindən diktə edildiyi katibliyin fəaliyyətini “ukraynalaşdırma"nı dayandırmağı tələb edəcəyik", Lavrov vurğulayıb.

“Ağ Partiya” başqan müaviini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Birinci Dünya savaşından sonra Millətlər Liqası adlı təşkilat quruldu və bu liqa BMT-yə bənzər bir qurum idi, İkinci Dünya savaşından sonra gördülər ki, Millətlər Liqasına heç kim qulaq asmır, BMT yaradıldı.

Əhəd Məmmədli

“Bu gün BMT-nin də fikirləri dinlənilmir. BMT-nin sözünü hər zaman üçüncü dünya ölkələri dinləyib. Azərbaycan, Ukrayna, Gürcüstan, ərəb ölkələri və s. BMT-ni dinləyir. BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan 5 ölkə BMT-ni dinləmir. Başda da Amerika və Rusiya olmaqla.. Amerika ilə Rusiya Ukraynada baş-başa dəyiblər deyə Lavrov BMT-dən narazılığını göstərir. Bəs bundan öncə Rusiya niyə Təhlükəsizlik Şurasının üzvü idi? Hər zaman BMT-də ancaq öz maraqlarına uyğun qərarlara veto qoyurdu. Azərbaycanla bağlı İkinci Qarabağ müharibəsində, səhv etmirəmsə, veto qoyulmuşdu. Orada səsvermə də Azərbaycana qarşı səs də vermişdilər. Suriya və digər məsələləri nümunə göstərə bilərik. Bu gün sadəcə Ukrayna məsələsində Amerika ilə Rusiya kimi iki "əjdaha" qarşı-qarşıya gəlib deyə Lavrovun yadına düşüb ki, "BMT tərəf tutan təşkilatdır, artıq əhəmiyyətini itirib, orada ədalət yoxdur". Yəni özünə dəyəndə, özü hiss edəndə yadına düşüb. Lavrovun bu haqda bildirdiyi fikirlər qərəzlidir.

BMT-ni bu vəziyyətə salan elə Rusiya, Amerika və Fransadır. Afrikada nə qədər ədalətsizlik, bitməyən münaqişələr var. Müstəmləkə savaşlarından sonra Fransa Afrikada azmı hərbi əməliyyatlar aparıb. Hansını BMT dayandıra bilib, hansında BMT Fransaya qarşı qətnamə ala bilib? Çünki özü BMT Şurasının üzvüdür. Fransaya qarşı kimsə nəsə qaldırsa, Fransa ona veto qoyacaq. Ümumiyyətlə, kökündə ədalətsizlik var. Təhlükəsizlik Şurasının 5 üzvündən biri veto qoysa, heç bir qərar keçmir.

Bu gün Ərdoğan demişkən “dünya 5-dən böyükdür” fikri inkişaf edib. Görünür ki, artıq o beş əsas ölkəni də sayan yoxdur. Çünki başqa ölkələr də artıq böyüyüblər, gücləniblər. Bu səbəbdən də Rusiya BMT-dən narazılıq etməyə başlayıb. Amma elə BMT-ni vəziyyətə qoyanlardan da biri Rusiya olub”-deyə Əhəd Məmmədli qeyd edib.

Əhəd Məmmədli hesab edir ki, bu gün BMT-də Millətlər Liqası kimi yenidən formalaşdırılmalıdır və ya başqa adla yeni bir qurum qurulmalıdır: “Təhlükəsizlik Şurasının 5 üzvündən biri istədiyinə veto qoya bilməsi kimi hallar olmamalıdır. Çünki dünya artıq 5-dən böyükdür.

Təşkilat başqa cür qurulmalı, orada islam dünyasının da təmsilçisi olmalıdır. İslam dünyasının bir milyarddan çox əhalisi var. BMT Təhlükəsizlik Şurasında bir dənə təmsilçisi yoxdur. Bu yanaşma artıq dəyişməlidir.

Ya BMT içində transformasiya olmalıdır, ya da BMT dağıdılmalı və Millətlər Liqası kimi yeni bir qurum qurulmalıdır. BMT-dən daha ədalətli bir təşkilat qurulmalıdır ki, dünyada bu münaqişələrin həllinə hansısa bir təkanverici bir qüvvə olsun”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
50
icma.az

10Mənbələr