GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Rusiyaya qarşı son sanksiyaların fonunda ABŞ-ın “Lukoil International GmbH” şirkətinin lisenziyasını 2026-cı ilə qədər uzatması diqqət çəkib. Qərar Moskvanın enerji sektoruna tətbiq olunan təzyiqlərin artdığı bir vaxtda verilib. Hazırkı geosiyasi kontekstdə Vaşinqtonun “Lukoyl”un təsisçisi, azərbaycanlı iş adamı Vahid Ələkbərova qarşı bu “səxavəti” müəyyən suallar doğurur.
ABŞ-ın iş adamına müsbət yanaşmasının arxasında nə dayanır?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, təkcə “Lukoyl”a aid deyil, Rusiyada bir sıra şirkətlər üçün də oxşar güzəştlər tətbiq edilib:
“Yəni müəyyən transaksiyaların həyata keçirilməsinə məhdud müddətə icazə verilib. Məsələn, “Rosneft” üçün də xarici aktivlərin satışı ilə bağlı lisenziya müddəti uzadılıb və yanacaqdoldurma məntəqələri üzrə əməliyyatların aparılmasına icazə verilib. Bu, şirkətlərin müəyyən xarici əməliyyatları vaxtında həyata keçirməsinə və bəzi vəsaitlərini xilas etməsinə şərait yaradır. Hətta “Rosneft” üçün daha geniş həcmdə güzəştlər tətbiq olunub. Sanksiyalara görə indiyədək bloklanmış bəzi aktivlərlə bağlı da məhdud müddətdə transaksiyaların aparılmasına imkan tanınıb. Bu da həmin şirkətlərin vəsaitlərinin mühüm hissəsini qorumağa kömək edir. Vahid Ələkbərovun rəhbərlik etdiyi şirkətə müsbət yanaşmanın əsas səbəbi də məhz budur. Bu addım sanksiyaların təsirini yumşaltmağa xidmət edir və əslində, əvvəlki sərt məhdudiyyətlərin əleyhinə atılan bir addım hesab oluna bilər. Qərarlar Rusiyanın həmin şirkətləri üçün gözlənilməz və ciddi üstünlük yaradır”.
Elçin Rəşidov
İqtisadçı bildirib ki, sanksiyaların məqsədi Rusiyanın maliyyə və enerji sektorundakı imkanlarını məhdudlaşdırmaq, dövlət şirkətləri və ayrı-ayrı oliqarxların aktivlərini bloklamaq, ölkəni qlobal ticarət-maliyyə sistemindən təcrid etmək idi:
“Hazırda verilən güzəştlər isə qlobal enerji bazarında təchizatın pozulmaması ilə əsaslandırılır. Sanksiyalar uzun müddətdir tətbiq olunduğuna görə mövcud müqavilələrə əlavə dəstək verilməsi və müəyyən yumşalmaların davam edə biləcəyi ehtimalı artır. Bu isə ABŞ-ın əvvəlki sərt sanksiya kursundan qismən geri çəkildiyini göstərir”.
Ləman İmran
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.