AZ

Bu, İrəvanın sülh prosesindən uzaqlaşması riskini artırır - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Vaşinqtonda imzalanmış sənədlərin reallaşması istiqamətində Azərbaycan və Ermənistanın ciddi addımlar atmaq əzmində olduğu bir məqamda Avropa İttifaqının (Aİ) ortaya qoyduğu sənəd ciddi suallar doğurur”.

Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib. Onun fikrincə, həmin sənəddə qeyd olunanlar seçkilər ərəfəsində Ermənistan hakimiyyətinə ciddi problemlər yarada bilər.

Ekspert hesab edir ki, Ermənistan hökumətinin bu sənədi nədən imzalaması, nədən orada göstərilən müddəalarla razılaşması da aydın deyil:

“Parlament seçkiləri ərəfəsində bu sənəddən Ermənistan hökumətinə və Paşinyana qarşı istifadə olunacağına heç bir şübhə yoxdur. Dekabrın 2-də imzalanmış həmin sənəddə iddia olunur ki, ermənilər Qarabağdan zorla köçürülblər və bunda Azərbaycan hakimiyyəti günahlandırılır. Halbuki, Azərbaycan hakimiyyəti Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması üçün əlindən gələni etdi.   Proqram ortaya qoydu, təkliflər verdi, müraciətlər ünvanladı, danışıqlar apardı, xüsusi nümayəndə təyin elədi. Bütün bunlar qəbul olunmadı, üstəlik, Azərbaycan ərazisində yerləşən 10-15 minlik Ermənistan hərbçiləri könüllü şəkildə ərazimizi tərk etmədiyi üçün antiterror əməliyyatı keçirildi və sonradan Paşinyanın da etiraf etdiyi kimi dinc əhaliyə qarşı son dərəcə diqqətli yanaşıldı. Heç bir dinc erməni əməliyyatlar zamanı zərər görmədi. Ermənilər Azərbaycanda yaşamaq, ölkədə və cəmiyyətimizə reinteqrasiya olunmaq əvəzinə, çağırışlarımıza məhəl qoymadan könüllü şəkildə Azərbaycanı tərk etdilər. Bunu bütün dünya bildi. Avropa İttifaqının Ermənistanla imzaladığı sənəddə guya, ermənilərin zorakılıqla məcburi şəkildə köçürüldüyü iddia olunur. Bu da seçkilərdə müxalifət tərəfindən istifadə olunacaq və deyiləcək ki, ermənilər zorakılıqla köçürüldülər, ancaq Ermənistan hökuməti zəruri addımlar atmadı. Əslində, həqiqət budur ki, həmin dövrdə Azərbaycanı günahlandırmaq qeyri-mümkün idi. Sənəddə erməni məhbuslarla bağlı müddəalar var. Burada da ölkəmiz günahlandırılır. Azərbaycan əleyhinə, dinc əhali üzərinə cinayətlər törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb olunması həm beynəlxalq hüquqa, həm də Azərbaycan dövlətinun hüquqi normalarına, qanunlarına uyğun şəkildə aparılır. Burada Azərbaycanı günahlandırmaq cəhdi tamamilə ədalətsizdir”.

Ekspert vurğulayıb ki, ermənilərin zorla köçürüldüyü iddia olunan həmin sənəddə, nədənsə, öz yurdlarından didərgin salınmış yüzminlərlə azərbaycanlının zorakılıqla köçürülməsi faktı sənəddə əksini tapmayıb. Onun sözlərinə görə, sənəddə digər qəbul olunmaz müddəlar da var ki, bütün bunlar normallaşmaqda olan Ermənistan-Azərbaycan münasibətlərinə zərbə vurmaqdan başqa bir şey deyil:

“Bu, sülh sazişinin imzalanmasına maneə olmaq cəhdindən başqa bir şey deyil. Ermənistan müxalifətini və Rusiyapərəst müxalifətin əlini gücləndirmək üçün edilən yardımdan başqa bir şey deyil. Çox təəssüf, Avropa İttifaqının tutduğu mövqe bizim üçün yeni deyil. Sülh danışıqları prosesində Avropa İttifaqının aktiv şəkildə iştirak etdiyi və müsbət yöndə xidmət göstərdiyi məsələlərdə də sonradan yenə bu cür qərəz ortaya çıxdı, Azərbaycan Avropa İttifaqını vasitəçilikdən uzaqlaşdırmaq məcbiriyyətində qaldı”.

A.Səmədov daha sonra deyir ki, Avropa İttifaqının Ermənistanla imzaladığı bu sənəd nə Ermənistana, nə də bölgəyə müsbət heç nə verə bilməz. Əksinə, başlayan müsbət proseslərin qarşısını ala, ləngidə bilər:

“Avropa İttifaqının bu mövqeyi Ermənistan-Azərbaycan arasında olan məsələlərlə məhdudlaşmır. Avropa İttifaqı  Ukrayna müharibəsində də yanlış mövqe tutub, orada da sülhün əldə olunmasına maneə olmaq üçün əlindən gələni edir. Bu təşkilat bir tərəfdən, Ukrayna hökumətini zəruri addımlar atmaqdan çəkindirdi, digər tərəfdən yardımlar göstərmədi. Nəticədə, bu, Aİ-nın nüfuzdan düşməsinı beynəlxalq arenada çəkisinin azalmasına gətirib çıxarır və bəzən Aİ üzvlərini gülüş hədəfinə çevirir. Bu sənədlərin qəbulu Aİ-nin bölgədə nüfuzunun azalmasına gətirib çıxaracaq. Bu, nə Ermənistana, nə də Avropa İttifaqına müsbət heç nə verməyəcək”.

Tahirə Qafarlı

Seçilən
22
hafta.az

1Mənbələr