AZ

“Günəşli” sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb -Fotolar



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqı üzvlərinin əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, əməyin təhlükəsizliyi, asudə vaxtının mənalı keçirilməsi tədbirləri ilə yanaşı, sağlamlığının qorunması və istirahətinin səmərəli təşkili istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirilir, müalicə və istirahət mərkəzlərində şərait yaxşılaşdırılır.

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən AHİK-in “Günəşli” sağlamlıq mərkəzində də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib, mərkəz müasir tibbi avadanlıqlarla təchiz edilib.
AHİK-in, dövlət qurumlarının nümayəndələri və Milli Məclisin deputatları mərkəzdə görülən işlərlə tanış olublar.

Məlumat verilib ki, “Günəşli” sağlamlıq mərkəzi inzibati bina, iki yataq korpusu, müalicə korpusu, diaqnostika mərkəzi, klub, rəqs və idman meydançalarından ibarətdir. Burada ümumilikdə 243 çarpayılıq 133 otaq vardır. Sinir sistemi xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşan mərkəz fizioterapiya xidmətləri, müalicəvi naftalan, paranaft və mineral su vannaları təqdim edir. Burada həmçinin kedr çəlləyi, akupunktura, biopunktura, limfodrenaj, neyroson, ozonoterapiya, inhalyasiya və digər müalicə-profilaktik prosedurlar həyata keçirilir.

Bildirilib ki, sağlamlıq mərkəzinin yararsız halda olan yataq korpuslarının biri əsaslı şəkildə yenidən qurulub, şərait müasir standartlara uyğun olaraq yaxşılaşdırılıb. Korpusda zəruri avadanlıqlarla təchiz edilmiş 80 çarpayılıq 50 otaq vardır. Burada yeni tibbi avadanlıqlarla təchiz olunmuş həkim, masaj və vanna otaqları, həmçinin fizioterapiya kabinetləri müalicə alanların xidmətindədir.

Bununla yanaşı, ərazinin infrastrukturu yenilənib, daxili yollara yeni asfalt örtüyü çəkilib. Yaşıllaşdırma işləri çərçivəsində əraziyə ağac və bəzək kolları əkilib, işıqlandırma sistemi yenilənib, su təchizatı yaxşılaşdırılıb. Sağlamlıq mərkəzi Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin edilib. 
Tədbir iştirakçıları “Günəşli” sağlamlıq mərkəzində yaradılan şərait, müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.

aia.az



Seçilən
22
8
aia.az

10Mənbələr