AZ

Elnurə Abuşova: "Məişət zorakılığı qlobal miqyasda ciddi təhlükəyə çevrilib"

Hər il 10 noyabr – 10 dekabr tarixləri Azərbaycanda Məişət Zorakılığına Qarşı Mübarizə Ayı kimi qeyd olunur. Bu müddət cəmiyyətdə məişət zorakılığına qarşı həssaslığın artırılması, zorakılığa məruz qalan şəxslərin müdafiəsi, insan hüquqlarının təşviqi və problemin açıq şəkildə müzakirəyə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan da daxil olmaqla dünya ölkələrinin demək olar ki, hamısında məişət zorakılığının qarşısının alınması ən aktual problemlərdən birinə çevrilib. Onun sözlərinə görə, statistik göstəricilər bu problemin nə qədər təhlükəli miqyas aldığını açıq şəkildə ortaya qoyur:

"Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, həyatlarında ən azı bir dəfə partnyoru tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalmış qadınların ümumi sayı dünya üzrə 736 milyondan çoxdur. Məişət zorakılığının qurbanlarının 90 faizindən çoxu iqtisadi zorakılığın hansısa formasını yaşayıb. Eləcə də belə zorakılığa məruz qalan zərif cinsin nümayəndələrinin 60 faizi partnyorun təzyiqi nəticəsində işini itirib. Fiziki zorakılıqdan istifadə edən kişilərin 95 faizinin isə həm də psixoloji zorakılıqdan istifadə etdiyi yenə Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarında öz əksini tapıb. Qadınlara qarşı aqressivlik göstərən kişilər çox vaxt uşaqlara qarşı da eyni davranış sərgiləyirlər. Bir qayda olaraq da, qətl törədən qadınlar uzun illər partnyorlarının hədələrinə, döyülmələrinə, təhqirlərinə məruz qalanlar olub".

QHT sədri təəssüflə bildirib ki, Azərbaycanda da məişət zorakılığı ilə bağlı statistika xoş olmayan mənzərəni üzə çıxarır, Dövlət Statistika Komitəsinin məlumatına görə,  təkcə son iki ildə məişət zorakılığı üzündən həyatını itirən qadınların sayı 25 faiz artıb:

"Statistika ilə yanaşı, konkret hadisələr də məişət zorakılığının dəhşət dolu miqyasını və başlıca səbəblərini daha yaxşı təsəvvür etməyə imkan verir. Araşdırmalar göstərir ki, zorakılığın böyük əksəriyyəti qısqanclıq, qarşılıqlı ittihamlar səbəbindən baş verib. Məişət zorakılığı zəmində sonu qətllə bitməyən cinayətlərin sayı da xeyli çoxdur və araşdırmalardan üzə çıxır ki, qadınlar ən çox fiziki və psixoloji zorakılığa məruz qalırlar. Azərbaycanda qadınlara qarşı ən çox qeydə alınan fiziki zorakılıq halları sillələmək, yumruqlamaq, təpikləmək, saçlardan dartmaq, müxtəlif ev əşyalarından istifadə etməklə vurmaqdır. Psixi zorakılığın ən geniş yayılmış üsulları təhqir, təhdid və qadağalardır".

Ardı var...

 

Pərvanə Fərhadqızı

Seçilən
80
2
qht.az

3Mənbələr